Bakı Slavyan Universitetinin Humanitar Liseyi  
 
Məqalələr

“Karamazov qardaşları" dilimizdə danışdılar
Romanın Telman Vəlixanlı (Cəfərov) tərəfindən tərcüməsinə rəy

"Ayna" qəzeti, Şənbə, 10 aprel 2010-cu il
Məmməd QOCAYEV,
professor

Tərcümədən söz düşəndə Dostoyevskinin "Karamazov qardaşları" kimi dünyaca məşhur bir əsərinin indiyədək Azərbaycan dilinə tərcümə olunmadığı istər-istəməz təəccüb doğururdu. Bu böyük rus yazıçısını Azərbaycanda seviblər, oxuyublar, onun yaradıcılığından monoqrafiyalar, məqalələr yazılıb. Amma onun zəngin bədii irsindən dilimizə lap az hissə - onun beş böyük romanından ("Cinayət və cəza", "İdiot", "Şeytanlar", "Yeniyetmə", "Karamazov qardaşları") yalnız birinci ikisi çevrilib. Hələ yazıçının digər povest və hekayələrindən danışmırıq.

Bu baxımdan BSU professoru Telman Vəlixanlının Dostoyevskinin şah əsəri sayılan və həcmcə ən böyük romanı olan "Karamazov qardaşları"nı dilimizə çevirməsi (F.M.Dostoyevski. Karamazov qardaşları. Roman. 2 cilddə, Bakı: Mütərcim, 2010) ədəbi həyatımızda əlamətdar hadisə hesab olunmalıdır.

Tərcümənin keyfiyyətinə gəlincə, deməliyəm ki, romanın Azərbaycan dilindəki mətni maraqla oxunur və Dostoyevski dilinin, obrazlar sisteminin, üslubunun ümdə xüsusiyyətlərini özündə qoruyub saxlamışdır. Hər halda, Dostoyevskinin əsərlərinin orijinalı ilə tanış olan bir adam kimi, deyə bilərəm ki, Azərbaycan dilindəki mətn mənimçün daha yaxın və daha anlaşıqlıdır. İlk baxışdan paradoksal görünən bu fikirdə bir həqiqət var. Məsələ burasındadır ki, dil böyük bir möcüzədir. Dil milli ruhun ifadəsi, bir növ onun maddiləşmiş formasıdır. Bir var dili bilmək, bir də var onu duymaq. Biz əcnəbi dili bilirik, ana dilimizi isə həm də duyuruq. Yəni əcnəbi dil əqlimizdən o yana gedə bilmir, ana dili isə ruha, təhtəlşüura nüfuz edir, insanın bütün ruhunu tərpədir. Odur ki, tərcümə ədəbiyyatı ilə bağlı ortaya bir sual da çıxır: Dostoyevskinin "Karamazov qardaşları" romanını hansı dildə oxumaq daha önəmlidir: orijinalda, yoxsa ana dilində? Məntiqi olaraq belə gəlir ki, Dostoyevskini rus dilində oxumaq daha məqsədəuyğundur, çünki bir var Dostoyevskinin yazdıqları, bir də var tərcüməçinin yazdıqları.
Tərcümədə, sözsüz, nələrsə itirilir, təhrifə məruz qalır. Fikir, məntiq, məzmun, üslub baxımından bu belədir. Amma duyum mövqeyindən belə deyil. Doğma dilin dərindən duyulması, əlbəttə, itkiləri əvəzləyir. Ziddiyyətli də görünsə, deməliyəm ki, "Karamazovlar qardaşları" Azərbaycan dilində daha çox xoşuma gəldi. Bu tərcümənin dili daha yaxşı duyulur və qavranılır.

Orijinalda, yoxsa tərcümədə?

Çoxları belə hesab edir ki, əgər rus dilini babat bilirsə, rus klassikasını orijinaldan oxumaq daha məqsədəuyğundur. Hesab edirəm ki, əcnəbi söz ustalarının əsərlərini ruhumuzdan gələn və duya bildiyimiz ana dilimizdə oxumaq daha çox şey verir, nəinki orijinaldan oxumaq. Əlbəttə, tərcümə orijinal deyil, bəlkə də tamam başqa bir şeydir. Odur ki, belə düşünənlər də olur ki, bir halda ki, məsələn, Dostoyevskini tərcümədə olduğu kimi vermək mümkün deyil, onda tərcümənin mənası varmı? Hesab edirəm ki, var, özü də hər mənada var. Məsələn, "Karamazov qardaşları"nı orijinaldan oxuyan hər bir azərbaycanlı, birincisi, yad dilin ruhunu duya bilmir, yalnız quru bilgilərlə qənaətlənir. İkincisi, romanı rus dilində oxuyan azərbaycanlı oxu prosesində mətni Azərbaycan dilinə tərcümə edir. İnanmaq çətindir ki, oxucunun tərcüməsi, özü də sinxron tərcümə, peşəkar və rus dilini kamil bilən mütərcimin tərcüməsindən üstün ola bilər.

Ruslar özləri də Dostoyevski mətnlərini dəqiq anlamaqda çətinlik çəkirlər

Bununla belə, oxucu "Karamazov qardaşları"nın mətnində elə yerlərə də rast gələ bilər ki, onları ilk oxunuşdan anlamaq çətin olsun və bəlkə də bəzi yerləri təkrar oxumaq lazım gəlsin. Onda bu çətinliyi tərcüməçinin ayağına yazmaq düz olmazdı. Ruslar özləri də Dostoyevski mətnlərini dəqiq anlamaqda çətinlik çəkirlər. Əgər tərcümə həddən artıq anlaşıqlı olsaydı, asan oxunsaydı, bu, tərcümənin orijinala adekvat olmasına şübhə yaradardı. Mən tərcüməçini qabaqcadan mümkün oxucu iradlarından sığortalamaq istəmirəm, onsuz da tərcümə işi ona zəhmət çəkənə əksərən şöhrət gətirmir və bəzən müəllifin də qüsurlarını, qəhrəmanların da dil xətalarını tərcüməçinin ayağına yazırlar. Əgər möhtərəm oxucu Dostoyevskinin Azərbaycan dilinə tərcüməsində nəyisə sonacan başa düşməyibsə, bunun səbəbini nə müəllifdə, nə də tərcüməçidə axtarmaq lazım deyil, sadəcə olaraq, mətni daha diqqətlə oxumaq lazımdır. Məsələn, İvan Karamazov deyəndə ki, "mən Allahdan imtina etmirəm, mən yalnız bileti ona nəzakətlə qaytarıram". Hansı biletdən söhbət gedir və İvanın Allahı qəbul edərək, Onun yaratmış olduğu dünyanı inkar etməsi nə deməkdir? İvan dünyanın sonunda Allahın insanlara vəd elədiyi mütləq harmoniyadan və cənnətdən imtina edir, çünki, onun fikrincə, bu harmoniyanın qiyməti çox bahadır, onun naminə nəinki insanlar, hətta günahsız körpələr belə iztiraba düçar olmalıdırlar. Odur ki, İvan deyəndə ki, bu cənnət haqsız iztirablara düçar edilmiş körpənin bir damla göz yaşına dəyməz, az qala ona, onun humanizminə inanmaq istəyirsən, İvan Karamazov doğrudan da böyük humanistdir və həssas qəlbə malik insandır. Lakin onun səhvi ondadır ki, o, öz həqiqətini, yəni insani həqiqəti Allahın həqiqətindən daha ədalətli hesab edir. Bu da onu Allahın yaratmış olduğu dünyanı inkar etməyə gətirib çıxarır. Sadəcə olaraq, ilahi həqiqət, ilahi ədalət insan əqlinə sığmır. Bəs onda nə etməli?

İvanın inkarçı, humanist, bununla belə səhv fəlsəfəsinə qarşı Zosima atanın fəlsəfəsi qoyulur. Zosima ata hesab edir ki, dünyada baş verən ədalətsizliklər və cinayətlər qarşısında hər bir kəs özünü müqəssir hesab etməlidir.
Bu da insani deyil, ilahi həqiqət və ilahi ədalətdir. Bu etik fəlsəfənin də məğzi ondadır ki, dünya və bəşəriyyət, Zosima atanın dediyi kimi, okeana bənzəyir, bir yerdən tərpənəndə digər yerdə əks-səda verir. Okean bənzətməsinin məğzi ondadır ki, bəşəriyyət vahid və canlı orqanizmdir, bir bütövlükdür, ayrı-ayrı fərdlər isə bu orqanizmin üzvi hissələridir. Ona görə də hər hansı fərdin törətdiyi əmələ görə bütövlük cavabdehdir, təkcə tərkib hissə cavabdeh deyil, necə ki, sağ əlin törətdiyi cinayətdə sol əli günahsız hesab etmək olmaz. Burda bütöv insan günahkardır. Eynilə də fərdin cinayəti bütövlükdə məxluqatın günahıdır.

İvan Karamazovun arqumenti ondan ibarətdir ki, bu həqiqət, yəni ilahi həqiqət və ilahi ədalət idrakına sığmırsa, buna görə insanı günahlandırmaq olmaz və o öz idrakının, "Evklid ağlının" qanunlarına əsasən yaşamalıdır. Dostoyevski isə hesab edir ki, insan ağlına sığmayan ilahi həqiqət insan inamına sığır, ağlın dərk edə bilmədiyi ədaləti insan qəlbi duya bilir. Ona görə də ağıla, elmə deyil, ruha, qəlbə və nəhayət dinə və inama istinad etmək lazımdır. Məsələ də elə bundadır ki, ağla sığmayan ilahi həqiqət inama sığır, ağlın gücü çatmayan şeyə qəlbin gücü çatır. Romanın bu hissəsini həyəcansız və saysız-hesabsız suallarsız oxumaq olmur. Tərcümədə bu məhz, Dostoyevskinin demək istədiyi və dediyi kimi verilmişdir. İvan Alyoşaya deyir: "Qulaq as, lütfən mənə de görüm, əbədi harmoniyaya sahib olmaq üçün hamı əziyyət çəkməlidirsə, onda uşaqların buna nə dəxli? Tamamilə aydın deyil, onlar nə üçün iztirab çəkməli idilər, niyə onlar harmoniyanı öz iztirabları bahasına əldə etməlidirlər? Nədən onlar da vasitəyə çevriliblər və özləri kiminçünsə gələcək harmoniyanı münbitləşdirdilər?" Burada Dostoyevski üslubu, Dostoyevski fəlsəfəsi aydın və anlaşıqlı şəkildə verilmişdir.

Dostoyevski fəlsəfəsi

Dostoyevskinin fəlsəfəsi sonlu, Evklid dünyasının - məkanlı və zamanlı dünyanın məntiqinə sığmır. Amma məkansız və zamansız qeyri-Evklid dünyasına, yəni ədəbiyyat sisteminə sığır və orada həqiqi görünür. Dostoyevski yazır:

"Bu dünyada bizə çox şey agah deyil, lakin bunun əvəzində bizə başqa bir dünyayla, daha uca və daha ali bir dünyayla gizli, məhrəm və canlı əlaqə duyğusu verilmişdir. Elə bizim fikirlərimizin və duyğularımızın kökü burada yox, başqa dünyalardadır. Bu səbəbdən də filosoflar deyirlər ki, Yer üzündə şeylərin mahiyyətini dərk etmək qeyri-mümkündür. Allah toxumları başqa dünyalardan götürmüş, bu dünyaya səpmiş və öz bağını salmışdır; və nə mümkünsə o da cücərmişdir, amma salınmış bağ yaşayır və yalnız başqa, gizli aləmlərdə canlı təmasda olduğundan həmişə yaşayır; əgər səndəki bu hiss zəifləyir və ya məhv olursa, onda sənin qəlbində salınmış o bağ da məhv olur".

"Karamazov qardaşları" romanı hansısa ictimai, mənəvi, epoxal, milli problemi deyil, qlobal ümumbəşəri, əbədi problemləri: Allah və İnsan, din və fəlsəfə və digər bu kimi problemlərin həllinə cəhd göstərir. Əsərin də dəyəri və bənzərsizliyi məhz bundadır. O, praqmatikadan uzaq ruhi məsələlərin həllinə yönəlmişdir. Dostoyevski sosial ideyalara da öz münasibətini bildirir, onları ötəri hadisələr kimi milli və bəşəri ruhda kökləri olmayan bir proses kimi dəyərləndirir. Ona görə də bu cür ideyalar (məsələn, sosializm ideyası) tarixdə qələbə çalsa da, sonda iflasa məhkumdur. Bu mənada Rusiyada sosializmin aqibətini Dostoyevski qabaqcadan görmüş və xəbər vermişdi.

Burda bir məsələyə də toxunmaq istərdim. Dostoyevski mətnlərinin diqqətlə oxunması gənc yazarlarımız üçün yaradıcılıq məktəbi ola bilər. Adi oxucu üçün ifrat təfərrüatçılıq təəssüratı bağışlayan səhnələr yazarlarımız üçün maraqlı örnək rolunu oynaya bilər. Süjet və məzmun baxımından artıq görünən təsvirlər və təfərrüatlar obrazlılıq baxımından heç də artıq görünmür. Biz Dostoyevski qəhrəmanlarını görməklə yanaşı, həm də onları eşidirik. Ona görə də onların canlı obrazı yaddaşımızda əbədi olaraq həkk olunur.

Elə bilirəm ki, "Karamazov qardaşları"nın tərcüməsi Azərbaycan ədəbi həyatını xeyli zənginləşdirmiş oldu. Bu mənada bu iş mədəni və ədəbi hadisədir.