Bakı Slavyan Universitetinin Humanitar Liseyi  
 
Məqalələr

Telman Cəfərov: “Bakı Slavyan Universitetində Məktəb-Lisey Kompleksinin təşkili ali təhsil sistemində novatorluq kimi dəyərləndirilməlidir”

Ölkəmizdə təhsillə bağlı islahatlar və həmçinin problemlərlə bağlı müsahibimiz filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin direktoru Telman Cəfərovdur.  
- Təhsil sistemində aparılan islahatları necə qiymətləndirirsiniz? 
- Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələridir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə irəli sürülən üçmərhələli islahat proqramının icrası bu gün də möhtərəm Prezident İlham Əliyevin ciddi dəstəyi və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə davam etdirilir. Bu gün təhsil sahəsindəki sistemli və ardıcıl şəkildə yeniliklərin icrası təhsil ictimaiyyəti tərəfindən yaradıcı və şüurlu şəkildə dərk və qəbul edilir. Təsadüfi deyil ki, başqa sahələrdə olduğu kimi, təhsildə də əldə etdiyimiz uğurlara görə biz MDB məkanında bir çox respublikaları qabaqlayırıq, icra mərhələsində olan islahat proqramımız çoxlarını maraqlandırır və Azərbaycanın təcrübəsinə istinad halları artır. Bu gün həm orta, həm ali, həm də digər təhsil pillələrində və təhsilə yardımçı sahələrdə reallaşmaqda olan proqram və layihələr ölkə reallıqlarına söykənir, varislik, ardıcıllıq, elmilik, millilik, dünyəvilik və s. prinsiplər əsas götürülür. Ötən yüzilliyin 70-80-ci illərində reallaşdırılmış Azərbaycandan kənarda təhsil proqramı bu gün eyni niyyəti daha əzmlə və inadla həyata keçirməyimizə inam yaratdığı üçün indi həmin təcrübəyə söykənməkdən qorxmuruq. Təhsil islahatlarımızın ən ümdə cəhəti odur ki, «Təhsil haqqında qanun təhsil sahəsində digər qanunvericilik aktlarının hazırlanması və təsdiqi üçün gözəl zəmin yaradıb. Ayrı-ayrı təhsil pillələri üçün qanunvericilik bazasının formalaşdırılması artıq gündəmdədir. 
- Təhsildəki yeniliklərdə ali təhsil müəssisələrinin nə kimi rolu var?
- Təhsildə əldə etdiyimiz nailiyyətlərdə şübhəsiz ki ölkəmizin aparıcı universitetlərinin özünəməxsus yeri var. Universitetlərimizin əsl təhsil, mədəniyyət, ictimai və siyasi debatlar mərkəzinə çevrilməsi, iqtisadi cəhətdən sərbəst fəaliyyəti, xüsusən də xarici əlaqələrin qurulması və müştərək beynəlxalq təhsil layihələrində iştirakı, Bolonya sisteminə keçidlə bağlı yeniliklərin qəbulu və tətbiqi Avropa təhsil məkanına sürətlə qovuşmağımıza şərait yaratdı. Ölkə Prezidentinin 2009-2013-cü illərdə ali təhsil sisteminin inkişafı ilə bağlı imzaladığı sərəncam universitetlərimizin daha möhkəm maddi-texniki və tədris-təlim bazası yaratmaq, təsərrüfat hesablı qurumlar təsis etmək və büdcədənkənar vəsaitlər əldə etmək imkanlarını genişləndirir. Adambaşına maliyyələşmə prinsipinə keçid də özünüqoruma instinkti qazanmağa vadar edir. Gənclərimizin xaricdə təhsilə üstünlük verməsi və məsafədən (distant) təhsil formasının genişlənməsi də universitet rəhbərlərini öz cari və perspektiv inkişaf planları barədə baş sındırmağa çağırır. Bu gün biz artıq təkcə daxili təhsil məkanında yox, həm də xarici universitetlərlə rəqabət şəraitində işləmək məcburiyyətindəyik. Fikrimizcə, universitetlərimizin potensialından həm də orta təhsil pilləsində istifadə olunmalıdır.  
- Bakı Slavyan Universitetinin bu prosesdə rolu nədən ibarətdir?
- Bu mənada Bakı Slavyan Universitetinin fəaliyyəti xüsusi maraq doğurur. Qabaqcıl tədris ocağının ali təhsil sahəsində əldə etdiyi uğurlar ümummilli liderin sərəncamı ilə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, xalqımızın görkəmli ziyalısı, professor Kamal Abdullayevin rəhbərliyi altında universitet kimi fəaliyyəti ilə bağlıdır. Yalnız bir ixtisas - respublikanın orta məktəbləri üçün rus dili və ədəbiyyat müəllimi hazırlığı ilə məşğul olmuş bu ali məktəb hazırda bakalavriat və magistratura pillələrində bütün slavyan dilləri, türkologiya, jurnalistika, filologiya, beynəlxalq münasibətlər, tərcümə, regionşünaslıq, turizm və otelçilik, pedaqoji kadr hazırlığı və s. istiqamətlərdə ciddi fəaliyyət göstərməklə təkcə ölkə daxilində deyil, həm də  beynəlxalq səviyyədə seçilir. Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzləri, mütəmadi keçirilən beynəlxalq elmi konfrans və simpoziumlar, beynəlxalq elm, mədəniyyət və təhsil layihələri Bakı Slavyan Universitetinin üzərinə nə qədər ağır yük götürdüyünü sübut edir. Bu layihələrdən ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası» layihəsinə kuratorluq, «Filoloqun kitabxanası - 100» tərcümə və nəşr layihəsi, Almaniyanın aparıcı universitetləri ilə müştərək reallaşdırılan «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi» mövzusunda beşillik araşdırmalar, dünyanın böyük paytaxtları və nüfuzlu universitetlərində yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzləri və s. kimi layihələri və işləri göstərmək olar. Sualınıza gəlincə, BSU, tərkibində orta təhsil müəssisəsi təşkil edən, tam orta təhsillə bağlı digər mühüm layihələrə imza atan tək-tək universitetlərdəndir. Onu da bildirim ki, bu gün BSU-nun nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin inkişafı və genişləndirilməsi yönümündə səylər, respublikamızın ayrı-ayrı bölgələrində sığınacaq tapmış qaçqın məktəblərinə hamilik, Bakının mərkəzi və qocaman təhsil ocağı - 190 nömrəli orta məktəbdə ölkəmizin təhsil sistemində analoqu olmayan Ali və orta təhsilin koordinasiyası kafedrasının yaradılması, universitetin ilk və əsas ixtisası - rus dili və ədəbiyyatı müəllimi ixtisasının qorunub saxlanılması istiqamətində mütəmadi keçirilən elmi konfranslar, seminarlar, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının yüksək səviyyədə nəşri, nəticədə rus dilinin buraxılış və qəbul imtahanlarına salınması BSU-nun orta təhsil pilləsinə verdiyi önəmi göstərir. Bu istiqamətdə reallaşan layihələri davam etdirmək məqsədilə universitetdə orta təhsil problemləri üzrə elmi-metodik mərkəzin təsis edilməsi də maraqla qarşılanır.
- BSU-nun nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin orta təhsil sistemində nə kimi rolu var?
- Bakı Slavyan Universiteti orta təhsil pilləsində fəaliyyət sahəsində pionerliyə məxsus ali məktəbdir. İlk dəfə şəhər, respublika və beynəlxalq miqyasda şagird və şagird-tələbə elmi konfranslarına təsisçilik, ən əsası da qaçqın məktəblərində oxuyan istedadlı uşaqların bu tədbirlərə cəlbi əsl örnək və qürur yeri kimi dəyərləndirilə bilər. Respublikamızın ən qabaqcıl orta məktəb və liseylərində yaradılan kiçik elmlər akademiyaları, Bakı Şəhər Təhsil İdarəsinin xətti ilə keçirilən şagird elmi konfranslarına şəxsən hörmətli nazirimizin özünün birbaşa maraq və dəstəyi orta təhsil şəbəkəsində bu hərəkatın daha da genişlənəcəyinə və aparıcı universitetlərimizin qoşulduğu bu işin qabiliyyətli və istedadlı uşaqların düzgün yönəldilməsi və formalaşdırılması üçün mühüm vasitə olacağına inamı artırır.
- Məktəb-lisey kompleksinin əsas fərqi və üstünlüyü nədədir?
- Təhsil Nazirliyinin əmri və Nazirlər Kabinetinin razılığı ilə Bakı şəhər 15 H-li məktəbin BSU nəzdindəki liseyə birləşdirilməsi və Məktəb-Lisey Kompleksinin təşkili universitetə olan inamın təzahürüdür. Yeni tipli orta təhsil müəssisəsi kimi universitet nəzdində uğurla fəaliyyət göstərən lisey kollektivinin və professor-müəllim heyətinin üzərinə ciddi öhdəliklər qoyuldu: məktəbin şagird kontingentinin, ilk növbədə istedadlı uşaqların günün tələbləri səviyyəsində təhsilinə yardım göstərmək, onların ali məktəblərə qəbulu, bilik yarışlarında və ictimai işlərdə fəal iştirakı, şagirdlərin xarici dillərə səlis yiyələnməsi, kompleksin universitetin baza məktəbi kimi formalaşması, onun profilinə uyğun abituriyent hazırlığı, ümumiyyətlə, məktəbli gənclərin peşə seçimi yönümündə müntəzəm işlərin görülməsi  və s. Universitetimizin nəzdindəki Məktəb-Lisey Kompleksinin ən başlıca vəzifəsi hər bir şagirdə fərdi yanaşma prinsipinə əməl etməkdən, şagird-müəllim-valideyn münasibətlərini qorumaq və səyləri birləşdirməkdən, valideyni təlim-tərbiyə prosesinin birbaşa iştirakçısına çevirməkdən, tədris prosesində İKT-nin sıx tətbiqinə nail olmaqdan, şagirdlərə mütaliə, nitq və səhnə vərdişləri aşılamaqdan, onlarda milli və bəşəri dəyərlərə hörmət hissi tərbiyə etməkdən, gənclərimizi yaxşı insan, gözəl övlad və vətəndaş kimi yetişdirməkdən ibarətdir. Fənn müəllimləri və tədrisə yardımçı heyətin mütəmadi olaraq ixtisasartırmaya, seminar-treninqlərə, təcrübə mübadiləsinə cəlb edilməsi də vacib şərtdir.Qısa bir müddət ərzində tədris korpusunun təmiri və onun ətrafının abadlaşdırılması, şagird və müəllimlərin rəğbətləndirilməsi mexanizminin işlənilməsi, yuxarı sinif şagirdlərinin, eləcə də tədris materiallarını mənimsəməkdə çətinlik çəkən uşaqların hazırlıq və dil kurslarına cəlb edilməsi, idman bölmələri, yaradıcılıq studiyaları və dərnəklər, maraqlı ədəbi-musiqili gecə və görüşlər, Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyətinin universitet tədbirlərinə fəal qoşulması, şagird-valideyn-müəllim münasibətlərinin nizamlanması və s. tədbirlər öz bəhrəsini verməkdədir. Ən başlıcası odur ki, Məktəb-Lisey Kompleksinin Şagird Parlamenti, Şagird Elmi Cəmiyyəti və valideyn komitələri görülən işlərdə yaxından iştirak edir.
- Sizcə, bu gün orta təhsildə ən ciddi problem nədir?
- Hazırda orta məktəblərimiz üçün ən ciddi problem kütləvi repetitorluğun yaratdığı fəsadların aradan qaldırılmasıdır və bu istiqamətdə ciddi səylər göstərilir. Onu da bildirim ki, yuxarı sinif şagirdləri üçün ali məktəblərə hazırlıq kursları, IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş test imtahanlarına hazırlıqla bağlı məsləhət saatları, bütün məktəb-lisey siniflərini əhatə edən günüuzadılmış qruplarda zəif şagirdlərlə məşğələlər (dərsanə), ingilis dili ilə yanaşı ikinci xarici dili (rus, alman, fransız) öyrənmək istəyənlər üçün kurslar, növbəti dərs ilində məktəb və lisey siniflərində oxumaq istəyənlər üçün hazırlıq saatları bu gün hər bir orta təhsil müəssisəsinin iş rejimini pozan, imicinə xələl gətirən və ölkədə gedən təhsil islahatlarına kölgə salan çatışmazlıq və maneələri aradan qaldırmaq yolunda atılan addımlardır. BSU rektorunun təşəbbüsü ilə aparıcı professor və müəllimlərin sinif otaqlarına dəvət olunması, onların elmi işlə məşğul olan şagirdlərə rəhbərlik etməsi, ayrı-ayrı fənlər üzrə ekspertlər və dərslik müəllifləri ilə görüşlər bütövlükdə yuxarı sinif şagirdləri və onların valideynləri arasında yaranmış narahatçılığın aradan qaldırılmasına, orta məktəb müəlliminə inamın bərpasına xidmət edən amillərdir. Ölkəmizin aparıcı ali məktəblərindən olan BSU-da Məktəb-Lisey Kompleksinin təşkili, Təhsil Nazirliyi və hökumətimiz tərəfindən universitet kollektivinə böyük etimad göstərilməsi və ciddi vəzifənin həvalə edilməsi, doğrudan da ali təhsil sistemində novatorluq kimi dəyərləndirilməlidir. Bu, dünyada geniş yayılmış təcrübə olsa da, Azərbaycan təhsili üçün yenilikdir. Onu da bildirim ki, BSU dünyanın bir sıra məşhur universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayarkən tərəfdaşlarımız liseylər səviyyəsində əlaqələrə də böyük önəm verir. Moskva Dövlət Linqvistik Universitetinin Linqvist Liseyi, Türkiyənin Qazi Universitetinin liseyi ilə əlaqələrimiz dünya və Avropa təhsil məkanına inteqrasiyanın kiçik həlqələri olsa belə, olduqca maraqlı görünür.