Bakı Slavyan Universitetinin Humanitar Liseyi  
 
Məqalələr

Kütləvi repetitorluq orta təhsil pilləsinə ciddi zərər vurur

Artıq on üç ildir ki, Azərbaycan təhsilində köklü islahatlar və yeniliklər həyata keçirilir. Bu proses öz ahəngi, dinamikası və məntiqi axarı ilə dönməz xarakter almışdır. Əminliklə deyə bilərik ki, artıq geriyə yol yoxdur, Avropa və dünya təhsil sisteminə inteqrasiya prosesləri, ali təhsilimizin Boloniya hərəkatı müstəvisinə sürətli keçidi ictimai şüurumuza elə sirayət edib ki, sanki çoxdan bu gedişatın intizarındaymışıq. Bir sözlə, niyyətin hara – mənzilin ora, deyib atalar.
Ölkə Prezidentinin sərəncamı ilə reallaşmaqda olan xaricdə təhsil layihəsi də bu mənada mühüm rol oynayır. Həm ali, həm də orta təhsil pillələrində çalışan təhsil işçisi kimi onu deyə bilərəm ki, dövlətimizin, ölkə rəhbərliyinin, xüsusən də Heydər Əliyev Fondunun orta təhsilimizə böyük diqqəti var. İnsaf naminə demək lazımdır ki, Təhsil Nazirliyi də icra orqanı kimi çox gərgin əmək sərf edir. Dərsliklərin yazılması, nəşri, bu məsələdə alternativliyin gözlənilməsi, tədris vəsaitlərinin tərtibi və məktəblilərə çatdırılması, məktəblərin, xüsusən də yeni tipli qabaqcıl orta təhsil müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması, İKT-dən istifadənin dünya standartları səviyyəsinə qaldırılması, yaradıcı müəllimlərin və aparıcı orta təhsil müəssisələrinin rəğbətləndirilməsi mexanizminin mövcudluğu, kadrların seçilməsi və yerləşdirlməsi tədbirləri, ümumi orta və tam orta təhsil pillələrində qiymətləndirmə və monitorinqin cəsarətli tətbiqi, təhsil sisteminin inkişafı və gələcək perspektivləri ilə bağlı strateji təhlil və planlaşdırmanın ardıcıllıq və varislik, sadədən mürəkkəbə keçid, elmi-metodiki tədqiqatlara və ictimai rəyə əsaslanma və s. prinsipləri əsasında qurulması köklü dəyişikliklərə gətirib çıxarır. Müəllim nüfuzu bərpa olunur. Müəllim əməyi, müəllim peşəsi (söhbət orta məktəb müəllimindən gedir) tələb və arzu edilən peşəyə çevrilir. Gənclərin pedaqoji işə həvəsi artır, məktəbə maraq güclənir. Beş il əvvəl məktəbə pedaqoji təcrübəyə gələn tələbə ilə indi pedaqoji təcrübəyə gələn tələbə arasında fərq hiss olunur. Orta təhsil pilləsində baş verən dəyişikliklər və tərəqqi hələ ki öz kulminasiyasına yaxınlaşmaqdadır. Milli kurikulumun tətbiqi ilə gələn məzmun və forma dəyişiklikləri, şagird biliyinin qiymətləndirilməsi və monitorinqində yeni meyar və formaların gəlişi, kurikulumun tələblərinə uyğun dərsliklərin, müəllim üçün vəsaitlərin hazırlanması, müəllimlərin attestasiyası və stajirovkasının təşkili, onların qabaqcıl texnologiyalara yiyələnməsinə nail olunması, şagirdlərə yaradıcılıq və təşkilatçılıq vərdişlərinin aşılanması və s. məsələlərin ağıllı şəkildə reallaşdırılması bütöv bir orqanizm və ya harmonik kompozisiya təşkil edən müstəqil Azərbaycan təhsilinin kulminasiya nöqtəsinə doğru rəvan yüksəlişi üçün şərait yarada bilər. Konkret olaraq bir daha vurğulamaq istəyirəm ki, təhsilimizin inkişafı, xüsusən orta təhsil pilləsinin ağıllı şəkildə idarə olunması üçün lazımi qanunvericilik bazası, icra mexanizmləri, səriştəli təhsil işçiləri var. Son illərdə qəbul olunmuş bir sıra qanun və qanunvericilik aktlarının adlarını qısaca olaraq xatırlatmaq istəyirəm. 2008-2013-illərdə ali təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi, istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Prezident sərəncamları, Təhsil qanunu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Orta ümumtəhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi, Təhsil nazirinin sərəncamı ilə birbaşa nazirlik tabeliyində olan bir sıra məktəb və liseylərdə şagirdlərin təmayül və maraqlarının düzgün istiqamətləndirilməsi ilə bağlı pilot layihəsinə start verilməsi, ən nəhayət, elə bu istiqamətdə fərdi tədris planı ilə işləmək arzusunda olan məktəb və liseylərə fərdi tədris planının tətbiqi, fənn müəllimlərinin, bütövlükdə məktəbin potensialının reallaşdırılması, şagirdlərin, onların valideynlərinin arzu və təkliflərinin nəzərə alınması üçün şəraitin yaradılması və s.
Belə bir girişdən sonra məni və həmkarlarımı, geniş pedaqoji ictimaiyyəti narahat edən bir problemə keçməyimin və ciddi həyəcan təbili çalmağımın səbəbini qısaca izah etməyə çalışacağam. Ortada qəribə bir paradoks var: hər şeyin düşünülmüş, planlaşdırılmış şəkildə və ardıcıllıqla həyata keçirilməsi fonunda ciddi bir xaosla, kütləvi psixoz və psixoloji baryerlə üz-üzə qalmışıq. Söhbət orta təhsil pilləsini hörümçək toru kimi cənginə almış repetitor xidmətindən gedir. Ən qorxulusu odur ki, hamı bu mənzərəni görə-görə, bu təhlükəni yaşaya-yaşaya onunla barışmaq məcburiyyətində qalır. Test üsulu ilə aparılan qəbul imtahanlarında test tapşırıqlarının bilərəkdən çətinləşdirilməsi (qəlizləşdirilməsi), test tərtibinə, onların ekspertizasına maraqlı adamların yol tapması, Bakı şəhərində “bunker” müəllimləri deyilən böyük bir dəstənin “formalaşması” və ictimai rəyə sırıdılması nəticəsində beş-altı il bundan qabaqkı mənzərə köklü şəkildə dəyişməyə başladı. Əvvəllər on birincilər dərsdən yayınaraq, “bunker” müəllimlərinin xidmətinə müraciət edirdilərsə, tədricən bu proses onunculara da sirayət elədi. Bu sözü əlində dəstəvuz eləyən qabiliyyətli məktəb müəllimləri universitetlərdə və elmi-tədqiqat institutlarında, bəzən tədrisə dəxli olmayan yerlərdə uğurla çalışan adamlara qoşularaq, dərs yüklərini azaltdılar, TQDK seminarlarında görünməklə “bunker” müəllimi adı qazandılar. Onlar qazana-qazana məktəb itirməyə başladı, yuxarı siniflərin rəhbərlərinin, direktor müavinlərinin, direktorların günü göy əskiyə büründü. Bəli, reallıq odur ki, bu gün “bunker” adamlarının müvəffəqiyyətli ovu və təbliğatı nəticəsində doqquz-on il məktəbdə və ya dörd-beş il liseydə oxumuş və formalaşmış, əslində heç bir repetitora ehtiyacı olmayan şagirdlər “ailə vəziyyəti”, “başqa yerə köçmə”, “kənddəki babası və nənəsinə həyan olma”, bəhanə olmayan yerdə hətta guya “valideynin ölkədən getmə” səbəbləri ilə təhsildən yayındırılırlar. Valideynlərə reallığı başa salmaq, məktəbin pedaqoji kollektivinin buraxılış siniflərinin şagirdlərini seçdikləri ixtisas fənləri və mərkəzləşdirilmiş test imtahanları üzrə hazırlaşdırmaq iqtidarında olduğuna onları inandırmaq müşkülə çevrilib. Təbii ki, söhbət tədris planında seçmə fənlərə və fakültativ məşğələlərə ayrılmış saatlardan bacarıqla istifadə edən məktəblərdən gedir. Bizim Məktəb-lisey kompleksində rektorun təşəbbüsü, Universitet Elmi şurasının qərarı ilə həm məktəb, həm də lisey şöbəsində oxuyan yuxarı sinif şagirdləri üçün dərsdənkənar vaxtda hazırlıq kurslarının təşkilini də bura əlavə etsək, orta təhsil müəssisələrinin kütləvi repetitorluqla mübarizə imkanlarının mövcudluğunu göstərmiş olarıq. Lakin bu mübarizəni təkcə məktəbin, ölkənin təhsil sistemində çalışan insanların gücü ilə aparmaq mümkünsüzdür. Birincisi, burada sinif və məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının işinin düşünülmüş şəkildə qurulması vacibdir. İkincisi, geniş ictimaiyyətin, o cümlədən pedaqoji ictimaiyyətin, mətbuat orqanlarının, radio və televiziyanın, sosial şəbəkələrin davamlı olaraq bu problemi işıqlandırmasına, xalqı kütləvi psixoza, sosial gərginliyə sürükləyən ziyanlı repetitorluq hərəkatının qarşısının alınmasına ciddi ehtiyac var. Üçüncüsü, bu işin içində olan məktəb müəllimləri, məktəbdənkənar yerlərdə, o cümlədən öz evində “məktəb” və “sinif” təşkil edən pedaqoq-repetitorlar orta məktəb sisteminə vurduqları ziyanı anlamağa çalışmalı, heç olmasa, məşğələlərini dərs vaxtı yox, dərsdənkənar vaxtlarda təşkil etməlidirlər. Biz, məktəb rəhbərləri, illər boyu ünsiyyətdə olduğumuz valideynlərlə münasibətimizi korlamaq, işbaz repetitorların sıx iş qrafiki ucbatından on birinci sinif şagirdləri ilə gərgin və əsəbi şəraitdə işləmək, bəzən də valideynin yerinə yetiriləsi mümkün olmayan arzuları, “bunker” müəllimlərinin onlara təyin etdikləri cədvəllər səbəbindən istedadlı şagirdin məktəbdən çıxmasına razılıq vermək zorunda qalırıq. Qoy hörmətli valideynlər, uşaq inkişaf mərkəzləri, istedadlı və qabiliyyətli uşaqlarla işləyən səriştəli və hazırlıqlı müəllim və mütəxəssislər məni düzgün başa düşsünlər. Repetitorluq sovet məktəbi dövründə də, müstəqilliyimizin ilk onilliyində də, beş il bundan əvvəl də var idi. Xarici ölkələrdə də müxtəlif təhsil proqram və layihələrinə baş vurmaq istəyən məktəbyaşlı uşaqlar repetitor xidmətindən istifadə edirlər. Açığını deyim ki, hələ 3-4 il bundan əvvəl bizim lisey siniflərinə uşaq gətirən valideynlər məhz repetitorluqdan qurtulmaq və yuxarı siniflərdə normal dərs şəraiti, bolluca tədbirlər, yaradıcılıq mühiti olduğu üçün buraya gəldiklərini bildirirdilər. Ən nəhayət, Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətləri olan Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının onun müsbət imicinə, ictimai rəydəki nüfuzuna zərər gətirən ekspertlər və “bunker” müəllimləri arasında təmizləmə aparması, bu işə təmənnasız və iddiasız adamları cəlb etməsi arzu olunur. İKT-nin olduqca müvəffəqiyyətlə tətbiq edildiyi bu vacib dövlət qurumunda göstərilən mənada insan amilinin aradan qaldırılmasına böyük ehtiyac duyulur. Təsəvvür edin ki, qəbul imtahanlarının keçirilməsi zamanı ekspert qismində çıxış edən və ya ekranda görünən müəllimlərin əksəriyyəti “bunker” qrupları yaradaraq, qəbul imtahanlarına, sınaq imtahanlarına düşən test tapşırıqlarının açarının onların əlində olması barədə şayiələr yayaraq, onbirincilər, onların müəllim və valideynləri arasında çaşqınlıq yaradırlar. Gizlətmək lazım deyil ki, bəzən hətta imkansız valideynlər belə bu şayiələrə aldanaraq, bank kreditləri, borc hesabına bir fənn müəlliminə hər aya görə 100-300 manat ödəməyə vadar edilirər. İnsaf naminə deyək ki, son vaxtlar digər repetitorlar da bu məsələdə “bunker” əhlindən geri qalmırlar. Məktəbdə elə bir ağır psixoloji-pedaqoji mühit yaranıb ki, on birinci sinif şagirdi (qabağı alınmazsa, onuncuları və doqquzuncuları da bu aqibət gözləyir) sinif otağında ona verilən dərsi, izah olunan tədris materialını qulaqardına vurur, bu şeyləri ancaq və ancaq müəllimin repetitora çevrildiyi şəraitdə (bəzən darısqal, lap belə iyirmi-otuz nəfərlə bir qrupda olsa belə) öyrənə biləcəyini iddia edir. Təbliğat maşınının öz işini bacarıqla qurması səbəbindən belə iddiaçıların sayı günbəgün, lap həndəsi silsilə ilə artır.
Əziz və hörmətli həmkarlarım arasında mənim fikirlərimlə razılaşmayanlar da tapılacaq. Nə səbəbdən narahatlıq keçirdiyimi anlamayanlar da olacaq. İnanın, bu düşüncələr çoxlarının ürəyindən keçir, istər Təhsil Nazirliyində, istər yerli təhsili idarəetmə orqanlarında, istərsə də respublikamızın tanınmış lisey və gimnaziyalarında, qabaqcıl məktəblərində, təhsil problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzlərində kütləvi repetitorluq deyilən bəlanın bizə vurduğu maddi və mənəvi ziyandan qurtulmağın çarəsi axtarılır. Gizlətmək lazım deyil ki, kütləvi repetitorluq problemi hətta respublikamızda uğurla fəaliyyət göstərən və əsasən tam təhsil pilləsini əhatə edən türk liseylərinin, respublika əhəmiyyətli yeni tipli orta təhsil müəssisələrinin rəhbərliyi üçün də ciddi başağrısına çevrilib. Əlac tapılmasa, artıq formalaşmış yalançı ictimai rəyin, yuxarı sinif şagirdləri və onların valideynləri arasında bərqərar olmuş kütləvi psixoz və ümidsizliyin orta və ibtidai siniflərə keçidinin qarşısını almaq mümkün olmayacaq.
Məsələnin digər aspektlərinə, doğurduğu və doğuracağı başqa sosial problemlərə də diqqət yetirək. Daha doğrusu, sosioloqlar, psixoloqlar, aidiyyəti təşkilatların vətəndaşlarla, ictimaiyyətlə və mətbuatla əlaqəyə cavabdeh strukturları kütləvi repetitorluğun doğurduğu sistemsizliyin və xaosun övladlarımızın sonrakı həyat tərzi və fəaliyyəti üçün hansı fəsadlar yaratdığını həm bu işin içində olanlara, həm valideynlərə, həm də yeniyetmələrin özlərinə çatdırmağın yollarını və vasitələrini aramalıdırlar. Yaponiyadakı inkişafın və tərəqqinin kökündə duran məktəb tərbiyəsi və təhsilə münasibət amilini yaddan çıxarmayaq. Yapon məktəbində xadimə ştatı yoxdursa, şagird və müəllim heyəti təmizliyə, nizam-intizama birbaşa özü cavabdehdirsə, biz bu barədə niyə düşünməyək. Bizdə yuxarı sinif şagirdini bilik yarışına, elmi konfranslara, yaradıcılıq dərnəklərinə, idman bölmələrinə, növbəçiliyə, sinifdənxaric və məktəbdənkənar tədbirlərə qoşmaq, peşəkar repetitor adı qazanmış fənn müəllimlərini növbətçi təyin etmək ciddi başağrısına səbəb olur. Məktəb rəhbərliyi (1000 nəfər şagirdi olan məktəbdə bir nəfər direktor, üç-dörd nəfər direktor müavini var) səmərəli və nizamlı iş planı və iş qurmaq, yuxarı təşkilatların tövsiyə və tapşırıqlarına əməl etmək imkanından məhrum olurlar. Bu, məktəb rəhbərlərini narahat edən problemlərdən biridir.
Yuxarı sinif şagirdlərinin sistemsiz şəkildə məşğulluğu həm də valideynin tələbi ilə onların idman və hərbi hazırlıq dərslərindən yayınmasına, gündəlik dərslərə hazırlaşma, mütaliə və yazı vərdişlərinin korşalmasına və itirilməsinə, sonda isə pis tələbə, pis əsgər və pis işçi kimi formalaşmasına səbəb olur.
Mən hələ ailələrimizin büdcəsinə, məktəbin bacarıqlı fənn müəllimlərinin imicinə, bütövlükdə məktəbin nüfuzuna dəyən maddi və mənəvi ziyanı demirəm. Bu vəziyyət toylarımızdakı israfçılıq və narahatçılıqla müqayisəyə gəlir. Hamı narazıdır. Hamı da köhnə qayda ilə durub oturur.
On minlərlə abituriyent yaşadığı rayonda və oxuduğu məktəbdə “bunker” müəllimi tapa bilmədiyindən təklif olunmuş qrafiklərə uyğun şəhərin o başından bu başına, Bakı və Abşeron kəndlərindən şəhərin mərkəzinə axışırlar. Uşaqların və ailələrin istirahətinə, asudə vaxtına, insanların davranışına, həyat tərzinə ciddi ziyan yetirilir. Bu kütləvi psixoz halı ekranları boş-boş mövzularla dolduran jurnalistlərimizi, sözçülük və demoqoqluqla məşğul olan qəzet müxbirlərini, sosial tədqiqat mərkəzləri və institutlarını narahat etmir. Cəmiyyətdə hədyan və iftira yaymağı, səriştəsizliyi ilə tanınan etikasız və əqidəsiz adamları ekrana çıxarmaq əvəzinə, bu cür ciddi və düşündürücü məsələləri məqsədli və sistemli şəkildə işıqlandırmağa ehtiyac var. Axı televiziyanın gördüyü işi heç bir təbliğat maşını görə bilmir.
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdiyimiz bir zamanda ürəklərimizdə qürur hisləri yaşanır, beyinlərimizdə işıqlı fikirlər dolaşır. Moskvada çıxan “Literaturnaya qazeta”ya verdiyim müsahibədə (2011, 28 sentyabr) qeyd etdiyim kimi, müstəqillik müstəqil olmaq deməkdir, yəni davamlı və köklü təhsil islahatları nəticəsində əldə etdiklərimizi ümummilli mənafe, dövlət maraqları, perspektivdə qazana biləcəklərimizin işığında qoruyub saxlamalı və inkişaf etdirməliyik. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin 10-11 oktyabrda respublikamızda keçirilən Beynəlxalq Humanitar Forumdakı nitqində səsləndiyi kimi, Azərbaycanın xüsusi coğrafi və geopolitik mövqeyi, sürətli inkişafı onu dünyanın diqqət mərkəzlərindən birinə çevirmişdir. Formalaşmaqda olan geniş və sərhədsiz humanitar məkanın, Avrasiya mədəni-tarixi arealının əvəzsiz həlqəsinə çevrilməkdə olan müstəqil Azərbaycanda təhsilin istənilən problemi müzakirə meydanlarına çıxarılmalı, ictimai rəydə həzm edilməli və ölkənin hər bir vətəndaşına bu və ya digər formada dəxli olan təhsil problemlərinin qabardılmasına görə heç kəs heç kəsi qınamamalıdır. Mən də buna tam əminəm.

Telman Cəfərov,
filologiya elmləri doktoru, professor,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin direktoru