Məqalələr

Elçin Hüseynbəylinin “Sezar” pyesində ideal hökmdar axtarışı

Telman Cəfərov (Vəlixanlı)
filologiya elmləri doktoru, BSU-nun professoru 

Postsovet Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri – nasir və dramaturq Elçin Hüseynbəylinin yaradıcılığı bugünkü reallıqlarımızı, tarix və mənəviyyatımızın aktual məsələlərini əks elətdirməkdədir. İlk hekayə, povest və romanları ilə ədəbiyyatımıza yeni nəfəs, təhkiyyə üslubu və digər ədəbi keyfiyyətlər gətirmək, ədəbi dilin bədii improvizasiya imkanlarını genişləndirmək, ədəbiyyatla publisistikanın və elmiliyin sintezinə can atmaq axtarışlarında olan yazıçının son onilliyə aid əsərləri daha böyük maraq doğurur.
Elçin Hüseynbəyli daim axtarışda olan və ədəbi tapıntıları ilə oxucunu təəccübləndirən yazıçıdır. O, bugünkü ədəbiyyatımızın üzərinə düşən vəzifələri yaxşı anlayır, oxucunu qane edə bilən, onun tələb və zövqünə uyğun gələn əsərləri vaxtında təqdim edir. Bu cəhətdən yazıçının “Şah Abbas” tarixi romanını uğurlu əsər hesab etmək olar. Son on ildə ədəbiyyatımızda tarixi mövzuya maraq intellektual cəmiyyətin tarixi keçmişə postmodernist yanaşması və müəyyən mənada təftişçilik ruhu ilə xarakterizə olunurdu. Bizə məlum olan tarixi həqiqətləri və adları, mənəvi dünyamızda daşlaşmış arxetip və obrazları artıq müstəqil ölkə vətəndaşı kimi azərbaycançılıq məfkurəsindən çıxış etməklə gündəmə gətirirdik. Bu, formalaşmış təsəvvürlərimizin, gen və qan yaddaşımızın təftişinin, Əlibəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi milli ideoloqlarımızdan bizə miras qalan irsin, deyək ki, “Türklər kimdir və kimlərdən ibarətdir?” və “Üç mədəniyyət” kimi kitabların yenidən oxunuşunun və s. axtarışların nəticəsi idi. Anarın “Ağ qoç, qara qoç”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Sabir Rüstəmxanlının “Göy tanrı”, Elçin Hüseynbəylinin “Şah Abbas”, Yunus Oğuzun “Nadir şah” romanları və s. əsərlər milli ideologiyamızın – azərbaycançılığın hansı özül üzərində yüksəlməsi yönümündə axtarışlara xidmət edir.
E.Hüseynbəylinin adının bu siyahıda olmasını əlamətdar hal sayıram. Çünki o, hadisə və faktları geniş tarixi məkan və müstəvidə görməyə çalışır, Azərbaycan həqiqətlərinə Türküstan, Avrasiya və Şərq tarixi-mədəni arealı kontekstindən baxır.
Müasir Azərbaycanın ən ağır və ağrılı problemi – Qarabağ münaqişəsi və bu münaqişədən doğan humanitar fəlakət E.Hüseynbəylinin ədəbi təxəyyülünü məşğul edən ən ciddi problemlərdəndir. Onun bu yönümdə digər Cənubi Qafqaz ölkələri ədibləri və informasiya vasitələri ilə əməkdaşlığı da faydalıdır. Yazıçının “Gözünə gün düşür” və “Qoca axan gün” hekayələri Qarabağ münaqişəsi nəticəsində baş vermiş humanitar və insani faciənin vurduğu mənəvi-əxlaqi zərbənin təsviri ilə məhdudlaşmır. Bu hekayələr Qarabağ və onun ətrafında boş qalmış və minalanmış tarixi torpaqların və ən qədim sivilizasiya məskənlərindən birinin müharibə meydançasına çevrilməsinə, insan ayağı dəyməməsinə və əkilib-becərilməməsinə görə məsuliyyətə çağırışdır. Elçinin qəhrəmanı ölüm ayağında olsa belə, düşmən tapdağı altındakı torpaqlarımızı ziyarət etməyə, burada atasının qəbrinə baş çəkməyə, ağac basdırmağa və canını burada Allaha tapşırmağa özündə cəsarət və güc tapır...
Təbii ki, bu motivin arxasında baş verənlərə görə mənəvi iztirab var. Vaxtilə hakimiyyət davası və səhlənkarlığımız üzündən itirilən torpaqlarımıza, soyqırıma məruz qalan kənd və şəhərlərimizə görə mənəvi iztirab duyğusu... Sadalanan hekayələrə Elçinin yolu “Sezar” dramından keçir. Əsərin əsas problemi müsbət qəhrəman, ideal hökmdar axtarışı olsa da, müəllif sintetik adlandırdığı iki hissəli dramda həm də mövzunun təqdim olunması üçün orijinal formaya nail olur. Burada yazıçı cəsarəti, geniş mütaliə dairəsi bir yana, həm də müxtəlif ənənə və məktəblərin, fərqli ədəbi dövrlərin uğurlu inteqrasiyası və çulğalaşması ilə üzləşirik.
Ən yeni ədəbiyyatımızda mif və arxetiplər geniş şəkildə aktuallaşır və artıq ədəbi təfəkkür və qavrayışımızın malına çevrilir. Bu, milliləşən, müasirləşən və dünya ədəbi prosesinə qovuşan ədəbiyyatımız üçün olduqca vacib hadisədir.
Elçin Hüseynbəyli antik ədəbiyyat və klassisizm ənənələrinə, eləcə də tarixi keçmişə ustalıqla söykənir. O, təsvir etdiyi hadisələr üçün qədim Misiri və Romanı, hakimiyyət uğrunda gedən mübarizəni seçsə də, tarixin dilindən bildirir ki, burada “zaman və məkan şərtiliyi əsas məsələdir. Elə hesab edin ki, həmin hadisələr qədim Roma və Misirdə yox, burada, bu məkanda baş verib”, – deyə müəllif ekspozisiyada qeyd edir.
Bizə yaxşı məlumdur ki, bu cür şərtiliklər Avropa və ondan təsirlənmiş rus klassisizminə xas cəhətlərdir. XVIII və XIX əsrin ilk iki onilliyi dövründə antik və Orta əsrlər ədəbiyyatlarına istinalar, çoxsaylı tərcümə və yenidən işlənmələr gələcək realist rus ədəbiyyatının ideya-mövzu və forma cəhətdən formalaşmasında əvəzsiz rol oynamışdı... Bir sözlə, zamanından asılı olmayaraq bu tipli ədəbi nümunələrin ortaya çıxması (gec olsa belə) ədəbiyyatımızın xeyrinədir. 
Roma sərhədləri daxilində baş verənlərin: hakimiyyət uğrunda çarpışmalar, sui-qəsdlər, separatizm və ölkədəki hadisələrin düzgün məcraya yönəldilməsi, imperiyanın bütövlüyünün təmin olunması üçün müdrik bir siyasi liderə zəruri ehtiyacın yaranması, bütövlüyün qorunması, tərəqqiyə nail olunması və ictimai-siyasi sabitliyin təmin edilməsi üçün siyasi varisin seçilməsi və s. kimi faktların iç üzündə tam başqa – Azərbaycan reallıqları durur.
Çariçalar çariçası, tanrılar gözəli Kleopatranın obrazı Vətən torpağını təcəssüm etdirir. Hamı onu ələ keçirmək arzusundadır. O isə Ağ atlı oğlanın intizarındadır. Nə Pompey, nə də Lutsi onun sevgisini qazana bilmir. Öz ehtirasını təmin etmək naminə Pompey Kleopatranın qardaşının başını vurur. Lutsi də öz növbəsində Pompeyin başını Kleopatranın ayaqları altına atır. Lakin Xilaskar və Ağ atlı oğlan axtarışına çıxan Kleopatranı öz ehtirası yolunda istənilən cinayətə qol qoymağa hazır olan sərkərdələrin məhəbbəti razı salmadığından onlar rədd edilir. Parçalanmaq təhlükəsi ilə üzləşən Vətəni xilas etmək üçün Kleopatra müdrik və təcrübəli Sezarı paytaxta dəvət edir. Vətənin bütövlüyünü qorumaq naminə çariçalar çariçası, tanrılar gözəli Kleopatra hətta Sezarın ayaqları altına atılır.
Bu hadisələrdə öz missiyasını yerinə yetirən və qarışıqlıq yaradan İblis qəhrəmanları müşayiət edir və ehtirasları qızışdırır. Bu obraz ədəbiyyatımızda bizə Hüseyn Cavidin “İblis”dən tanışdır və burada da onun xələfi kimi qiymətləndirilə bilər. Tarix isə şərhçi rolundadır. O, hadisələrə və qəhrəmanlara qiymət verir: “Sezar qocalmışdı. O, indi öz hücrəsində oturub, məmləkətinin vəziyyətini düşünürdü. Bir zamanlar çiçəklənən Vətəni indi siyasi rəqabət və döyüş meydanına çevrilmişdi. Xalq Sezarın qayıdışını səbrsizliklə gözləyirdi.”. 
Sezar yalnız onu istəyən Kleopatranın başını sığallayır, onu etibarlı əllərə tapşırdığını bildirir və ona Ağ atlı oğlanı xatırladır: “Mən getməliyəm. Vaxtdır. Zamanım çatıb! Qoy Brut cəbhədə qalsın. Düşmənlə saziş müvəqqətidir. Sənsə Ağ atlı oğlanı gözlə... O, mənim başa çatdırmadığım işləri görəcək. Məmləkətimizi birləşdirəcək! İnsanlara hürriyyət, azadlıq və rifah gətirəcək. Mən elə bir ağac əkdim ki, onun barını xalq hələ çox görəcək. Mən ona özüm kimi inanıram. İndi isə getməliyəm”.
Bəli, Sezar sözünün üstündə durur. O gedir, Kleopatrasa onun arxasınca yüyürür və qarşısına Ağ atlı oğlan çıxır. Bu yerdə İblis, tanrılar onu görməsin deyə, qaçıb səhnədən uzaqlaşır.
“Sezar” dramı 2007-ci ildə, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində qələmə alınmışdı. Bu sintetik dramın obrazlar sistemi və mifopoetik resursları müxtəlif ədəbi üslubların ənənəsinə söykənir. Burada klassizm, İntibah və hətta Baroko elementləri, Azərbaycan folkloru və romantizminin izləri və tarixi reallıqlara əsaslanan realist təsvirlə üzləşirik. Hətta Tarix obrazı məkanın hara olmasını yadımıza salmasa belə, biz Roma və Misirə paralel dünya rolunda çıxış edən Azərbaycanla rastlaşırıq. Bu, bizim ən yeni tariximizdir. Obyektiv və subyektiv reallıqlar bir yana, ən azı Ağ atlı oğlan axtarışı və hər an qulağımızı dolduran İblis bizi 90-cı illərə və yeni əsrin başlanğıcına gətirir.
Şərti yer Roma, roman-german dünyası seçilsə də, dramda Avrasiya və türk-islam məkanı nəzərdə tutulur. Xaricdən dəstək alan Ermənistanla müharibə şəraitində olan, Avrasiya tarixi-mədəni arealında mühüm iqtisadi və geosiyasi fiqur potensialına malik Azərbaycanın etibarlı idarəetmə strukturlarına, siyasi institutlara və güclü siyasi liderə sahib olması gələcək rifahımızın və bütövlüyümüzün vacib şərti kimi təsdiqlənir. Sezarın Kleopatra ilə dialoqunda bütöv Azərbycanın mövcudluğunu şərtləndirən və azərbaycançılıq məfkurəsini formalaşdıracaq ciddi məqam və tövsiyələr var.
Elçin Hüseynbəylinin jurnalistika və publisistikaya yaxınlığı təhlil edilən əsərin və burada qoyulan problemlərin aktuallaşmasına xidmət edir. Son illər ərzində bizdə azərbaycançılıq və azərbaycanşünaslıq istiqamətində ciddi elmi, elmi-publisistik və praktik işlər ortaya qoyulub. Bu da təbiidir. Çünki bunca tarixi-mədəni areala, əhaliyə, müstəqil dövlətə, qədim və orijinal mədəni irsə, iqtisadi potesiala və tükənməz təbii sərvətlərə, işçi qüvvəsinə və intellektual potensiala malik bir xalq öz ideologiyası və idealları ətrafında birləşməli və xoşbəxt yaşamalıdır.
“Sezar” sintetik dramı üzərində düşüncələrim diqqətimi avrasiyaçılıq və azərbaycançılıqdan əlavə, daha bir elmi nəzəriyyəyə yönəltdi. Burada mən İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin qazanılmasında öz sözünü demiş məşhur biogeokimyaçı alim Vladimir İvanoviç Vernadskinin noosfera nəzəriyyəsi üzərində dayanmaq istəyirəm. İdrak mühitində, cəmiyyət və təbiətin qarşılıqlı təsiri mühitində məntiqli və səmərəli insan fəaliyyətinin inkişaf və tərəqqinin təyinedici amilinə çevrilməsi noosfera təfəkkürünün əsasını təşkil edir.
Rus aliminin 150 illik yubileyinə həsr olunmuş bir yazıda onun elmi irsindən təqdim olunan iki sitata müraciət edirəm.
Birinci sitat: “Müqəddəs həyat düzgün yaşanılmış ömür deməkdir. Bu, o həyatdır ki, burada söz və əməl üst-üstə düşür... Bu, elə bir həyatdır ki, onu tərk edərkən son nəfəsdə bu sözləri deyə biləsən: əlimdən nə gəlirdisə, mən onu da eləməyi bacardım. Mən heç kəsi bədbəxt etmədim, çalışdım ki, bu məqsəd və ideyaya xidmət yolunda yerimi mənimkimilər, daha doğrusu, məndən yaxşı işçilər tutsun...”
İkinci sitat: “Ölkənin və ya xalqın zənginliyi iki bir-birilə bağlı və hərçənd çox cəhətdən asılı olmayan hissələrdən ibarətdir:
1) ölkənin yerləşdiyi ərazidə təbiətin gücü və 2) bu ərazidə məskunlaşmış xalqın gücü”.
Birinci sitat “Sezar” dramının təhlilindən doğan nəticə ilə səsləşir. İkinci sitat isə, fikrimizcə, Sezarın prototipi kimi verilən ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin əsas müddəaları ilə üst-üstə düşür. Faşizm üzərində mütləq qələbəyə əmin olan Vernadskinin bu qeydləri noosfera nəzəriyyəsini Azərbaycan-Ermənistan qarşıdurması şəraitində də aktuallaşdırır. Həm təbiətinə, həm də insan potensialına görə düşməni qat-qat üstələyən, hərtərəfli fəaliyyətində bəşəri dəyərlərə, multikultural dünyabaxışa üstünlük verən Azərbaycanın təcavüzkar və qeyri-müstəqil Ermənistana üstün gələcəyinə inam hissi artır.
Elçin Hüseynbəyli “Sezar” pyesi ilə sübut etdi ki, klassik milli və dünya dramaturgiyası ənənələrinə söykənən, avanqard səhnə və sənət üsul və üslublarını mənimsəyən ən yeni dramaturgiyamız öz mövzu və motivlərini Azərbaycan reallıqlarına kökləyə, tariximizin dramatik məqamlarına, milli özünüdərkimizin yollarına işıq sala bilir.

Əsl azərbaycançılıq məfkurəsini və fəlsəfəsini məhz milli ədəbiyyatımızda görən və bunu ölməz şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini xalq qarşısında əzbər deməklə vurğulayan böyük azərbaycanlı Heydər Əliyev obrazının və onun adı ilə bağlı ideyaların ədəbi təfəkkürümüzdə geniş yer alması milli ideologiyamızın formalaşmasına xidmət edir. Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Sezar” dramını uzun illər müasir Azərbaycan ədəbiyyatının himayədarı olmuş ulu öndərin ruhuna ehtiram hissinin ifadəsi kimi də qiymətləndirmək olar.