Məqalələr

Rusdilli təhsil: müsbət və mənfi cəhətləri. Gözləntilər

 

Telman Cəfərov
Bakı Slavyan Universitetinin
tədris işləri üzrə prorektoru,
filologiya üzrə elmlər doktoru, professor


Bu gün Azərbaycanda təhsilə kifayət qədər diqqət yetirilir. Hələ 1998-ci ildən başlayaraq Ümummilli liderin sərəncamı ilə üç mərhələdə və müxtəlif məqsədlərlə həyata keçirilməyə başlayan təhsil islahatları orta və ali təhsil pillələrində ciddi dəyişiklikləri hədəf götürmüşdü. Məqsəd təkcə keyfiyyət və kəmiyyət dəyişikliklərinə nail olmaqdan və cari tədris prosesini yaxşılaşdırmaqdan ibarət deyildi. Müstəqillik şansını qazanmış bir ölkənin müstəqillik arzularının reallaşması, milli - azərbaycançılıq  ideologiyasının formalaşdırılması, milli-mənəvi dəyərlər sisteminin hazırki və gələcək nəsillərə aşılanmasının yolu orta məktəb pilləsindən keçirdi. Ali təhsil sisteminin Avropa təhsil məkanına sürətli inteqrasiyası ali təhsilin məzmun və standartlarının bu istiqamətdə dəyişdirilməsini labüd edirdi. Yeni Təhsil qanunu qəbul edilənədək müəyyən müsbət dəyişikliklərə doğru addımlar atılsa da, ümumtəhsil pilləsində Milli kurikulumun tətbiqinə başlanılsa da, son illərədək cəmiyyətdə düzgün və obyektiv rəyin formalaşmasına nail ola bilmirdik. Düzgün ictimai rəyin formalaşdırılması isə az əhəmiyyət kəsb etmirdi. Təhsil idarəçiliyində köhnə yanaşmalar, subyektivizm, bazar iqtisadiyyatı tələblərinin gözlənilməməsi, stimullaşdırıcı tədbirlərin azlığı, bazar iqtisadiyyatı və əmək bazarının qanunlarına uyğun qəbul edilmiş təhsil qanunvericilik aktlarının işləmə mexanizminin ləng icrası ətalət, ruh düşkünlüyü və qeyri-müəyyənlik əhval-ruhiyəsini yaratmışdı. Təhsilin idarə olunması, strateji inkişafı, ölkənin sosial-iqtisadi mənzərəsinə və potensialına cavab verən təhsil iqtisadiyyatının yaradılması barədə düzgün rəy verə bilən təhsil ekspertləri institutu formalaşdırılmamışdı. Ölkə büdcəsindən təhsilə kifayət qədər vəsait ayrılsa da, bütün tiplərdən olan təhsil müəssisələrinin maddi-texniki bazası müasir standartlara uyğun hala gətirilsə də, onların kadr potensialının gücləndirilməsinə, ali və orta məktəblərin idarəedici, pedaqoji və elmi heyətinin yaxşılaşdırılmasına az diqqət yetirilirdi.  Aparılan islahatlar fonunda ən ciddi məsələ təhsil sistemini bürüyən inamsızlıq hissi idi ki, böyük bir qisim müəllimlər orta məktəblərdə həyata keçirilən fənn kurikulumlarının, universitetlərin qədəm qoyduqları Boloniya prosesinin, kredit sisteminin ölkəmizin təhsil məkanında reallaşacağına inanmır və hələ də “bəlkə də qaytardılar” ümidi onları tərk etmirdi. Təəssüf ki, bu əhvali-ruhiyyədə olanlar və ölkənin müasir təhsil sisteminin qarşısında duran vəzifələrin ciddiliyini və məğzini anlamayanlar hələ də var.
“Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi və bu “Strategiya”nın  reallaşması üzrə “Fəaliyyət planı”nın təsdiq olunması ilə ölkəmizin təhsil sistemi qarşısında konkret və ciddi vəzifələr qoyuldu, yeni bir mərhələyə başlanğıc verildi. Məktəbəqədər təlimdən başlayaraq, doktoranturaya və ömür boyu təhsil tədbirlərinədək hər bir təhsil pilləsinin inkişafı üzrə konkret vaxt, məqsəd və hədəflər müəyyən edildi. 2015-ci ildə başlanan bir sıra tədbirlər bu il də davam etdirilməkdə, növbəti illərə planlaşdırılan islahatlara zəmin hazırlanmaqdadır. Əsas məsələ odur ki, islahatların vacibliyi, təhsilverənlər və təhsilalanların qarşısına qoyulan məqsədlərin yerinə yetirilməsi ilə bağlı psixoloji baryer aradan götürülüb. Orta təhsil pilləsində aparılan  və artıq bəzi nəticələri görünən islahatlar fonunda orta ixtisas və ali təhsil pillələrində, əlavə təhsildə görülən işlərin, sistemin optimallaşdırılması və səmərəliliyinə yönələn tədbirlərin intensivliyi gündəmdədir. Milli Kvalifikasiya Çərçivəsinin beynəlxalq təcrübəyə, ölkədəki təhsil situasiyasına və reallıqlarına uyğun  icrası, yəqin ki, bu istiqamətdə də uğurlar əldə etməyə imkan yaradacaq.
Adından göründüyü kimi, bu yazının məqsədi təhsil  sistemində baş verənlərə münasibət bildirmək və qiymət vermək deyil. Biz özümüz də bu sahədə çalışır və qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edirik. Amma yeri və vaxtı gələndə hadisələrə qiymət verməyi və lazımi təhlillər aparmağı  da bacarmalıyıq.  Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun ötən üç ilə nəzərən verdiyi müsahibədə bir məqama diqqəti yönəltmək istəyirəm: “Biz aparılan islahatların sürəti və keyfiyyəti arasındakı balansı qorumağa çalışırıq. Çünki cəlb olunan insanların sayına, əhatəliliyinə, hətta proseslərin ağrılı keçməsinə görə təhsil xüsusi bir sahədir. İstənilən islahat böyük sayda insanı əhatə edir. Nəyisə tələsik icra eləməyi planlaşdırırıq, lakin işlər gözlənildiyindən yavaş gedir... Hər şeydən ümdə olanı dəyişikliklərin keyfiyyətidir”.
Bəli, böyük sayda insanı əhatə edən bu sahədə heç də hər şey təhsildə çalışan insanlardan asılı deyil. Digər vacib amillər də mövcuddur.  Mən bunlardan birinə toxunmaq istərdim. Bu, müxtəlif təhsil pillələrində, xüsusən də ümumtəhsil pilləsində rus dilində aparılan təhsilin qarşılaşdığı problemlərdir. Məsələnin aktuallığını qabardan və ziddiyyətlər yaradan bir sıra məqamlar üzərində dayanaq. Ölkə Konstitusiyası və Təhsil qanunu ana dilində təhsili prioritet elan etməklə yanaşı, ölkənin digər etnik qruplarının dillərində də təhsilə şərait yaradır. Yəni ölkənin əsas qanunu və təhsil qanunvericiliyi rusdilli əhalinin rus dilində təhsil almasına gözəl şərait yaradır. Rus dili və ədəbiyyatı mütəxəssisi kimi mən də bunu ölkəmiz üçün mütərəqqi hal hesab edirəm. Müstəqillik əldə etmiş bir sıra keçmiş sovet respublikalarından fərqli olaraq nümunəvi tolerantlıq və multikulturalizm modelini təcəssüm etdirən Azərbaycan Ulu öndərin hakimiyyətə qayıdışı ilə postsovet dövründə də rusdilli əhalinin təhsil və digər mənəvi ehtiyaclarını  qarşılamağa önəm verdi. Eyni tədbirlər ölkədə yaşayan digər etnik qrupların tədris ehtiyacları üçün də görüldü. Fənn kurikulumları, orta məktəb dərslikləri onların dillərinə çevrildi. Bununla belə, ölkədə təhsilin məhz dövlət dili olan Azərbaycan dilində aparılması təsbit edilməklə, təhsil sisteminin tədris resursları, elmi və bədii ədəbiyyatlarla, elektron nəşrlərlə təmin edilməsi məqsədilə ana dilində dərsliklər, tədris vəsaitləri, elektron vasitələr, sorğu və məlumat kitabları, ensiklopediyalar  yaradıldı. Ölkə prezidentinin sərəncamlarına uyğun mərhələli şəkildə latın qrafikasına keçirilən mövcud ədəbiyyatlar  və yeni yaranan kitablar 25 min tirajla ana dilində çap edilərək, ölkənin bütün kütləvi və məktəb kitabxanalarına hədiyyə olundu. Bu analoqu  olmayan irimiqyaslı kulturoloji layihənin əsas məqsədi ana dilində təhsilə dəstək idi. Ana dilində təhsilə diqqətin daha da artdığı, dövlət dili kimi onun inkişafı və işlənmə dairəsinin genişləndiyi, 2004-cü ildən başlayaraq məhz bu məqsədlə ölkədə həyata keçirilən irimiqyaslı tərcümə və nəşr layihələrinin ciddi rezonans və müsbət ictimai rəy yaratdığı bir zamanda orta təhsil pilləsində maraqlı və bir qədər də qəribə, çətin anlaşılan və izah olunan tədris siyuasiyasının yaranması parodoksal mənzərəyə gətirib çıxarıb. Yəni orta təhsil pilləsində ana dilində təhsilin baza və imkanları genişləndikcə əhalinin əcnəbi dillərdə, əsasən də rus dilində təhsilə meyli artmaqdadır. Bəli, heç kəs hadisələrin təbii və obyektiv axarına qarşı çıxa bilməz. Bu, ciddi arqumentdir. Ölkənin insan resurlarının inkişaf istiqamətləri, informasiya-kommunikasiya əsrində məlumat-informasiya  bazalarının yaradılma və istismar şərtləri, milli-mənəvi-geosiyasi maraq və amillərin sintezindən doğan dəyər və yanaşmalar sisteminin nəzərə alınması və sair olduqca vacib məsələlərdir. Bütün bu hallara və izahatlara rəğmən,   ana dilində təhsilalma və təhsilvermə problemi strateji mövqe olaraq bir an belə unudula bilməz...
Yaranmış təhsil-tədris-təlim situasiyasının psixoloji-pedaqoji və sosioloji amilləri də maraqlı müşahidələr orta qoyur. Əhalimizin 90%-dən də çoxunun ana dili Azərbaycan dilidir.  Bununla bərabər, Bakı şəhərində çoxlu rusdilli ailələr var, ölkənin bir neçə regionunun konkret yaşayış məskənlərində rusdilli əhali  kompakt şəkildə yaşayır, rus dilində danışır və bu dildə kütləvi informasiya vasitələrini izləyir. Bu səbəbdən də rus dilində tədris aparılan məktəblərimizin mövcudluğu heç kəsdə sual doğurmur. Bu, ölkə Konstitusiyasının, Təhsil qanununun yaratdığı imkandır ki, ondan da əhalinin müvafiq qrupu istifadə edir. Lakin Azərbaycan dilində danışan, rus dili mühitində böyüməyən, rusdilli məktəbəqədər təhsil müəssisəlrində tərbiyə almayan, valideynləri və qohumları rus dilini bilməyən və təbii ki, təlim zamanı valideyn köməyindən yararlanmaq imkanı olmayan uşaqların rus bölməsinə verilməsi adi hal almağa başlayır. Siniflərdə ustünlük təşkil etməyə başlayan bu tip uşaqaların özləri bir yana, onlar rusdilli ailələrdən gələn və rus dilində təhsil almağa hazır olan uşaqlar üçün problem yaradırlar. Məktəblərin əksəriyyətində 1-ci siniflərə bir-iki sinif komplekti qəbul edildiyindən dil-danışıq bazası olmayan uşaqlarla hazırlıqlı uşaqlar bir sinifdə təhsil almalı olurlar. İbtidai siniflər üçün fənn kurikulumunun və fəal təlimin tələblərinə görə motivasiyalı təlim sinif şagirdlərinin konkret bilik, bacarıq və vərdişlərə malik olmasına əsaslanır. Tam fərqli hazırlıq səviyyəsinə malik uşaqların toplandığı siniflərdə  buna nail olmaq çətindir. Adətən, rus bölməsində siniflərdədə uşaqların sayı 30-dan çox olur. Pedaqoji və psixoloji eksperimentlər uşağın məhz ana dilində (burada valideynlərinin danışdığı və tədris materiallarını qavramağa hazır olduğu dil nəzərdə tutulur) orta təhsil alması zamanı daha çox müvəffəqiyyət qazandığını sübut edir.
Belə bir tədris situasiyasında  hansı nəticələrlə qarşılaşırıq? Birincisi, fənn kurikulumlarının tələbləri yerinə yetirilmir, şagirdlər konkret yaş dövrü üçün vacib olan bilik, bacarıq və vərdişləri əldə edə bilmir. İkincisi, müəllim və məktəbin üzərlərinə düşən vəzifənin öhdəsindən gəlmədiyi barədə fikir formalaşır, üçüncüsü və ən pisi, bütün günahlar tətbiq edilməkdə olan fənn kurikulumlarının məzmun və standartlarına uyğun tərtib edilən dərslik komplektlərinin üzərinə atılır, cəmiyyətdə orta təhsil pilləsində aparılan islahatlara və genişlənən yeniliklərə kölgə salınır. Biz əvvəlki yazılarımızda da təhsilimizin gələcəyinin kurikulum islahatlarından keç­diyini əsaslandırmış və artıq digər təhsil pillələri üçün də geriyə yol qalmadığını söyləmişdik. Fənn kurikulumlarının tələblərinə uyğun olaraq yuxarı siniflər üçün dərslik komplektləri sifariş olunmuş, Milli Kvalifikasiya Çərçivəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə tədris olunan fənlər üçün kurikulumların işlənməsi və hər bir ixtisas və istqamət  üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində məzunların malik olacaqları bilik, bacarıq və vərdişlərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi meyarları  üzərində iş gedir. Uzağa gedərək onu vurğulamağa çalışırıq ki, təhsil mərhələli və zənzirvari bir prosesdir. Bu günün zəif şagirdi sabahın zəif tələbəsi və zəif məzunudur. Əslində müəyyən zaman kəsiyində biz itirilmiş və potensialı düzgün yönəldilməmiş insan resursları əldə edə bilərik. Bu prosesin cücərtiləri görünməkdədir. Bəlkə də bəzi statistik nəticələri izləməyin vaxtı çatıb. Yəni rus bölməsini qurtaran orta məktəb məzunlarının son iki ildə ali məktəblərə daxilolma və hansı nəticələrlə qəbulolunma səviyyələri, ötən tədris ilində rus bölməsini bitirən məzunların hansı faizinin minimum keçid balını topladığı, Təhsil Nazirliyi tərəfindən orta məktəb və liseylərin müxtəlif siniflərində keçirilən monitorinqlərdə rus bölməsində təhsil alan şagirdlərin göstərdikləri nəticələr diqqətdə saxlanılmalıdır. Bu statistikanın tədris Azərbaycan dilində olan məktəb və siniflərlə müqayisədə izlənilməsi də maraqlıdır. Milli ideologiya və maraqlar, mentalitet və əqidə kimi vacib məqamlar bir yana, biz ildən-ilə getdikcə gənc nəslin əqli cəhətdən korşalmasına doğru sürüklənməsinin qarşısını almaq barədə düşünməliyik. Bu situasiyanı motivasiya olunmayan və yalançı ictimai rəyə söykənən və perspektivi görünməyən bir hal kimi dəyərləndirmək məcburiyyətindəyik.
Pessimistliyimizin kökündə duran daha hansı səbəblər var?
Tədris sahəsində innovasiyalar, pedaqoji texnologiyalar və yanaşmalar inten­siv şəkildə yer aldıqca, inteqrativ və interaktiv təlim metod və mexanizmləri genişləndikcə, tədris resursları və formaları çoxaldıqca məktəbdə müəllimin rolu, müəllim şəxsiyyəti daha da önəmli yer alır. Hadisələrin axarı, məktəb iqtisadiyyatının yeni relslər üzərinə qoyulması prosesi sübut edir ki, professional cəhətdən hazırlıqlı, psixoloji-pedaqoji tələblərə cavab verən və öz fəaliyyəti ilə şagirdə şəxsi nümunə ola biləcək müəllimləri olmadan məktəb uğur qazana bilməz. Görəsən, təlim rus dilində aparılan məktəb və siniflərdə dərs deyən fənn müəllimlərimizin səviyyəsi nə vəziyyətdədir? Rusdilli 1-ci siniflərin sayı artdıqca bu siniflər üçün ibtidai sinif müəllimlərinin çatışmazlığı problemini tezlikləmi həll edə biləcəyik? Təkcə ixtisasdəyişmə tədbirləri ilə bu problemi həll etmək çətindir. İxtisasdəyişməyə, xüsusən də ibtidai sinif müəllim­liyinə  cəlb olunan təhsil ixtisaslı şəxslər xüsusi müsahibədən keçmədən ixtisasını dəyişə və onlara ibtidai sinif etibar edilə bilməz. Müşahidələr göstərir ki, ixtisasdəyişməyə əsasən məktəbdə  uğur qazanmayan fənn müəllimləri müraciət edır. Çünki yaxşı fənn müəlliminin həmişə dərs saatı var. Yəni uğursuz müəllimə ibtidai sinif, özü də rus dilində tədris etibar etmək böyük məsuliyyətdir. Vaxtılə Azərbaycan dilində tədris aparılan siniflərdə işləmək üçün “hər yoldan keçən”ə ibtidai sinif müəllimi dip­lomu və ya ixtisasdəyişmə sertifikatı verib onlarla nəsil azərbaycanlını savadsız eləmişik. Bu qrup müəllimlərdən yaxa qurtarmaq mümkün olmadığı və onun mexanizmi tapılmadığı üçün məktəblərimiz bunun acısını bu gün də dadır. Uşaqlar, valideynlər və məktəb rəhbərliyi əziyyət çəkir. Bu gün ana dilində təlim aparılan məktəblərdə calışan ibtidai sinif müəllimlərinin (onların əksəriyyəti Dövlət İmtahan Mərkəzinin imtahanından keçməyib və kollecləri bitirib) hazırlıq səviyyəsinin artırılmasına ciddi ehtiyac duyulur. “Strategiya”nın icrası üzrə Fəaliyyət planında bu tədbirlərə xüsusi önəm verməliyik. Bir daha təkrar edirəm ki, məktəblərimizin uğur qazana bilməməsinin və ana dilində tədrisin nüfuzdan düşməsinin əsas səbəblərindən biri savadsız, pedaqoji-psixoloji işə yararsız ibtidai sinif müəllimləridir. Bu aqibətin tədris rus dilində aparılan sinifləri də gözləməsinə yol verməməliyik.
Rus bölməsinə axınla bağlı vəziyyətdən çıxış üçün bir sıra tədbirlər görülməkdədir. Təhsil Nazirliyi universitetlərə bu ixtisasa qəbulu artırmağa şərait yaradıb. Bu ixtisası bitirən tələbələrlə o istiqamətdə iş aparılır ki, onlar imtahan verib məktəbə müəllim təyin olunsunlar. Hətta lazımi bal toplamayanlara da bir­illik müqavilə ilə işləmək, yenidən imtahanlardan  keçənədək məktəbdə çalışmaq şansı verilir. Lakin səviyyə özünü göstərir. Onların fəaliyyəti qənaətbəxş olmur. Təəssüf ki, bu ixtisas üzrə məzunların böyük bir qismini itiririk. Əmək bazarının digər üstün təklifləri hələ ki onların məktəblərə yoluna sədd çəkir. Bu ixtisas üzrə təhsil alanlar arasında istedadlı tələbələr çoxdur. Universitet və məktəblər onların məhz müəllimliyə getmələri üçün öhdələrinə düşən işlərdən bərk yapışmalıdırlar. Pedaqoji internaturaların təşkili və bu məsələdə orta və ali məktəb fəaliyyətinin koordinasiyası tədbirləri gücləndirilməlidir. Bakı Slavyan Universiteti (BSU) bu sahədə ciddi addımlar atır. Biz “Strategiya”nın tələblərinə uyğun olaraq, son iki ildə məktəblərlə işi sistemləşdirmiş və pedaqoji təcrübəyə gedən tələbələrimizin könüllülər və müəllim köməkçiləri qismində təlim-tərbiyə prosesinə cəlbi ilə   konkret məktəblərlə ilboyu əlaqəsinə nail olmuşuq. Son iki ildə rus dili, təlim rus dilində olan ibtidai sinif müəllimləri, digər fənn müəllimləri üçün qrant layihələri və təhsil proqramları çərçivəsində Moskva və Sankt-Peterburqdan gəlmiş metodistlərlə  BSU bazasında altı ixtisasartırma, stajkeçmə tədbiri və elmi-metodiki seminar təşkil etmişik. Sank-Peterburq Hökuməti və Moskva Açıq Təhsi İnstitutu ilə razılaşmalara uyğun olaraq 2010-cu ildən etibarən Bakı şəhər rus məktəblərinin, o cümlədən BSU və onun nəzdindəki Məktəb-lisey kompleksi fənn müəllimlərinin  Sank-Peterburq və Moskvada qısamüddətli stajkeçmə və ixti­sasartırma kurslarına cəlbinə nail olmuşuq...
Azərbaycanda rusdilli təhsilin həm müsbət, həm də mənfi cəhətləri var. Əhali ana dilində təhsillə müqayisədə rus dilində təlimin bəzi üstünlüklərini dərk etdiyindən hələ ki rus bölməsində təhsil almaq istəyənlərin sayının artması tendensiyası davam edir. Rus və ingilis dillərində məktəb qurtaran, bu dilləri bilən insanlara Azərbaycan və MDB-nin əmək bazarında iş tapmaq daha asandır. Rus dilində təhsil almaq imkanı əlçatan olduğu və ölkəmizin Rusiya və bir sıra MDB ölkələri ilə qırılmaz sosial-iqtisadi əlaqələrinin mövcudluğu şəraitində rusdilli təhsilə təlabat dərkediləndir. Əsas şərt odur ki, hansı dildə təhsil verməsindən asılı olmayaraq, məktəb keyfiyyətli təlimə nail olmalı, məktəb ətrafında normal və obyektiv ictimai rəyin formalaşmasına çalışmalıdır.
Təlim rus dilində aparılan məktəb və siniflərdə təhsilverən və təhsilalanlarla bağlı problemlərlə yanaşı, başqa bir məsələ - dərslik və digər tədris vasitələri ilə təminat da həllini gözləyən məsələdir. Rus bölməsi üçün yazılan və tərcümə edilən dərsliklər şagird və müəllimi qane etmədiyindən digər ölkələrin tədris ədəbiyyatlarına müraciət edilir. Bu, təlimin təşkili üçün yaxşı stimulverici məqam, əlavə tədris resursudur. Lakin onları Milli kurikulumun tələbləri, Azərbaycan məktəblərində tədris olunan fənlər üzrə kurikulumların məzmun və standartları ilə uzlaşdırmaq müəllimdən böyük təcrübə, təşəbbüskarlıq, milli-mənəvi dəyərlərə  hörmətlə yanaşma, şagirdlərin vətənpərvərlik və ümumbəşəri ruhda tərbiyə olunmasına həssas yanaşma tələb edir.
Azərbaycan məktəbində çalışan hər bir pedaqoq və məktəb rəhbəri bir şeyi yaxşı anlamalıdır ki, təlim dili təlimin məzmununun özəyidir.  Tədris rus dilində təşkil olunan orta məktəblərimizdə şagirdlərin təxminən 99 %-i azərbaycanlılar olduğundan biz burada ana dili, Azərbaycan tarixi, coğrafiyası, konstitusiyası, ədəbiyyatının öyrədilməsi məsələsinə ciddi önəm verməliyik. Elə bir qızıl orta tapmalıyıq ki, rus bölməsində oxuyan şagirdlərimiz arasında “azərbaycanca başa düşmürəm və danışa bilmirəm” fikri səslənməsin. Biz “ana dili” və “tədris dili” anlayışlarını qarışıq salmamalı, orta təhsil pilləsində ana – Azərbaycan dilinin tədrisi məsələsini diqqət mərkəzində saxlamalıyıq. Xüsusən də yuxarı sinif şagirdlərinin ana dilindən lazımi dil-danışıq və yazı vərdişlərinə yiyələnməsi vacib şərtdir.       
Valideynlərin öz övladlarını tədris rus və ingilis dillərində təşkil olunan məktəb və siniflərə verməsinin böyük bir səbəbi də xarici dillərin öyrədilməsi ilə bağlı yol verdiyimiz səhvlərdir.  Bu səhvləri aradan qaldırmaq üçün ilk növbədə aşağıdakılar həyata keçirilməlidir: birincisi, əcnəbi dillərin intensiv tədrisi uşaqların yaş dövrü ilə uzlaşdırılmalı; ikincisi, hətta adi məktəblərin tədris planlarında xarici dillərin tədrisi ilə bağlı standartlar dəyişdirilməli; üçüncüsü, şagirdlərin nitq bazasının mövcudluğuna və səviyyəsinə görə differensillaşdırılmış dərsliklərin istifadəsinə qərar verilməli, onların ən müasir metodika və yanaşmalar nəzərə alınmaqla tərtibinə çalışilmalıdır.  Əgər Azərbaycan bölməsinin 1-ci sinfindən rus dili keçən şagird də, 5-ci sinifdən bu əcnəbi dili öyrənməyə başlayan da eyni dərslikdən dərs keçirsə, hansı müvəffəqiyyətdən söz gedə bilər. Eyni tədris situasiyası ilə başqa xarici dillərin tədrisində də üzləşirik. Zənnimizcə, məktəblərimizdə xarici dillər normal tədris olunarsa, tədrisin elmi-metodiki problemləri yoluna qoyularsa, valideynlərin böyük bir qismi övladlarını xarici dillərdə təhsilə yönəltməkdən çəkinər.     

Mövzunun davamı olaraq biz bu problemin ali məktəblər üçün xas olan cəhətləri, təlim rus dilində aparılan məktəb və universitetlərdə tədris resurslarının yaradılması və istifadə məsələlərinə də növbəti yazılarda toxunmaq istəyirik. Sonda diqqəti o fikrə yönəltmək istəyirəm ki, müstəqil Azərbaycanda rus dilində və ya ana dilindən özgə istər dildə təşkil olunan təlim təkcə təhsilverən və təhsilalanların hazırlığı ətrafında məsələlərlə şərtlənmir. Bu məsələyə kompleks və sistemli şəkildə yanaşmanın yolları barədə düşünməyin vaxtı çatıb.