Məqalələr

Telman VƏLİXANLI

Elçin Hüseynbəylinin Qarabağ mövzusunda hekayəsi ilə bağlı mülahizələr

"525-ci qəzet", 20 Mart 2010-cu il № 295 (3128)

Hörmətli redaksiya! Bu köhnəlmiş və artıq çoxdan unudulmuş başlıqla sizə müraciət etdiyimə görə, yəqin ki, günahımdan keçərsiniz. Amma oxucu minnətdarlığına da böyük ehtiyac var. Xüsusən də bugünkü ədəbi prosesimizin mənzərəsini və ab-havasını yaratmaq, ədəbi, mədəni və mənəvi irsimizi araşdırmaq və hər bir Vətən övladına çatdırmaq eşqiylə ürəyi döyünən fədakar, peşəkar və vətənpərvər insanların toplaşdığı bir ocağa – “525-ci qəzet”ə.
Gündəlik qəzet buraxan bu yaradıcı kollektivin öz dəst-xətti var. Bunu qəzetin istənilən oxucusu əminliklə təsdiqləyə bilər. Qəzetin tirajının artması və artıq günün ikinci yarısından etibarən köşklərdə tapılmaması amilinə də fərəhsiz münasibət bildirmək olmur. Deməli, oxuyuruq və oxumağa nəsə tapırıq, şükürlər olsun ki, mənəvi qidamız yox deyil.
Mən ədəbiyyatımıza, mədəniyyətimizə və mətbuatımıza nihilist və skeptik yanaşmaları sevmirəm. Təkcə öz yazdıqlarından və özündən başqa kimsəni bəyənməyənləri anlamıram. Amma nə yazıqlar ki, bizdə belələrinə addımbaşı rast gəlinir... Hələ ki bu səciyyəvi “xəstəliyə” tutulmadığımı dilə gətirərək, qəzetinizin 27 fevral 2010-cu il tarixli sayında gedən bir hekayəyə görə həm müəllifə, həm də sizə öz oxucu minnətdarlığımı çatdırıram. Bu, istedadlı qələm sahibi Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsidir.
Qarabağ mövzusunda çox yazılıb. Müasir ədəbiyyatımızda görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin bu mövzu ilə bağlı yazdığı əsərlər və yaratdığı ənənələr bütün qələm sahiblərinə gözəl örnəkdir. Doğrudan da, səmimi və səviyyəli ədəbi nümunələr var. Özümüzü qınaya-qınaya ki, yazmırıq, zəif yazırıq, ümidsizlikdən və inamsızlıqdan qırıla-qırıla qalmışıq. Gənc yazarların da müharibə və Qarabağ mövzusuna yaxın düşməsinə sədd çəkirik, onları nə sözümüzə, nə də özümüzə uyuşmayan istiqamətlərə yönəldirik...
Bir neçə il bundan əvvəl nasir və tərcüməçi Kamran Nəzirlinin “Qoca uşaq” hekayəsini oxuyanda bərk sarsılmışdım. Qarabağ faciəsini, günahsız kənd camaatının başına gətirilən müsibəti, iztirab və sarsıntılar içərisində, erməni gülləbaranı altında ana bətnindən ağsaçlı uşağın doğulmasını ürək ağrısı ilə təsvir edən və elə həmin vaxt hekayəsinin ingilis variantını yaradıb dünyaya yayan müəllifə minnətdarlığımı bildirmişdim. Bu günsə Elçin Hüseynbəyliyə minnətdaram. Fikrət Qocaya, Aqil Abbasa, Hüseynbala Mirələmova, Kərim Dünyamalıya, bu mövzuda yazan və ürək ağrısı duyan onlarla digər yazarlarımıza minnətdaram. Səsimizin eşidilməməsində, övladlarımızın vətənpərvər hisslərlə böyüməməsində və nə bilim nədə günahkar axtarmamalıyıq. Sözümüzün məktəb şagirdinə, universitet tələbəsinə, dərs deyən müəllimlərə, zabit yetişdirən tədris ocaqlarına, əsgərlə davranan komandirlərə, işə gənc mütəxəssis qəbul edən müəssisə rəhbərlərinə, vergi toplayan məmurlara, kəndlərimizin qayğısını çəkməli olan icra başçılarına və daha kimlərə necə çatdırmağın, təhsil alanı əzbərçilikdən qurtarıb, düşünməyə sövq etməyin yollarını aramalıyıq. Prezidentimizin sərəncamları ilə latın qrafikasında çap olunmuş saysız-hesabsız kitabları övladlarımıza oxutdurmağa hər vasitə ilə can atmalıyıq. Nicatımız təhsildə və mütaliədədir. “Gözünə gün düşür” kimi psixoloji, tərbiyəvi, ibrətamiz və düşündürücü hekayələri oxucu auditoriyasına düzgün və daim təqdim etməliyik.
Bir il yarım əvvəl işıq üzü görmüş “Şah Abbas” romanının müəllifi Elçin Hüseynbəyli tariximizlə bağlı yaddaşımızda stereotipləşmiş qüsurlu, antimilli bilgiləri cəsarətlə redaktə etmək, mövcud tarixi sənədlər və faktlarla bacarıqla davranmaq bacarığı ilə oxucunu bərk təəccübləndirmişdi. Gənc nasirin bu uğuru və ümumiyyətlə, ən müasir ədəbiyyatımızda tarixi roman janrı ayrıca söhbətin mövzusu olduğundan hekayəyə keçmək istərdim. Birincisi, əsər soyuq başla qələmə alınmaqla emosionallıqdan uzaq, bugünkü real sosial-ictimai vəziyyətdən və mənəvi durumdan doğan hekayə təsiri bağışlayır. Burada bədiiliklə yanaşı, ciddi publisistik və siyasi çalarlar var. Qarabağ həqiqətini, bir milyon qaçqını və məcburi köçkünü olan, yurd yerləri, əcdadlarının məzarları talan və təhqir edilməkdə davam edən xalqın mənəvi iztirablarını orijinal və inandırıcı tərzdə ifadə etmək cəhdi var. İkincisi, yazıçının bədii təxəyyülündə yer almış ideya və mövzuya uyğun uğurlu süjet xətti ilə qarşılaşırıq. Hər şeyi ölçüb-biçən, motivləşdirən müəllif qəhrəmanın – xərçəng xəstəliyinə mübtəla olmuş həkimin danışıq və hərəkətlərində, arqumentlərində süni səslənə biləcək epizod və detallara yer qoymur. Hətta erməni zabitini ələ almaq və inandırmaq üçün həkimin dilə gətirdiyi “Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir” kəlməsi bu situasiyada bayağı səslənsə də, bir tərəfdən, kinayə kimi yozulur, digər tərəfdənsə, qəbul etdiyi qərara sadiq insanın davranışını obyektivcəsinə səciyyələndirir. Digər bir cəhət və yeni çalar ondan ibarətdir ki, əksər yazarlarımızdan fərqli olaraq, E.Hüseynbəyli düşmən obrazını tam qara rənglərlə təsvir etmir. Bəlkə, bunun özü də bir antiteza və ya kinayədir. Beynəlxalq təşkilatların gözünə kül üfürməyi bacaran, pula görə hər şeyə gedən və istənilən təklifi qəbul etməyə hazır olan ermənilərin əsl sifətini tam çılpaqlığı ilə göstərmək niyyətidir. Bu əsərdə mətnaltı, konteksdən doğan çox mətləblər yozmaq olar. Amma yozub dilə gətirilməsi mümkünsüz görünən şeylər də var. Dahi Tolstoyun ömrünün son illərdə söylədiyi bir qeydi vurğulamaq yerinə düşərdi: “İncəsənət əsərinə xas olan ən ümdə cəhət odur ki, onda nəsə fokusa- bənzər bir şey yer alsın, yəni elə bir şey ki, bütün şüalar ona yönəlsin və ondan doğsun. Və bu fokusu axıradək sözlə izah etmək imkansız görünsün. İncəsənət əsərinin gözəlliyi ondadır ki, onun əsas məzmunu tam dolğunluqla yalnız onun özü ilə ifadə oluna bilər”. Bir epizoda diqqət yetirək: hər vəchlə ölümünü tezləşdirmək istəyən qəhrəman özü ilə ağrıkəsici dərmanlar götürməsə də, içmək üçün apardığı suyu, bu, onun gərəyinə çata bilər deyə, həyətlərində əkdiyi ağacın dibinə tökmür. Burada bir anlaşılmazlıq və natamamlıq da yozula bilər. Amma o, fürsət aldığı erməni zabitinə pulun – rüşvətin yerini nişan verərkən əkdiyi ağacı sulamağı da tapşırır. Qarabağda, işğal altında olan torpaqlarımızda yaşanan ekoloji fəlakətə görə bəşəriyyət qarşısında cavabdehlik daşıyan ermənilərə öz insanlıqlarını yada salmağa, onların da bu dünyanın, məhv etməkdə olduqları füsünkar təbiətin bir parçası olduqlarını anlamaqlarına şansmı verilir?
İstedadlı müasirimiz Elçin Hüseynbəylinin Azərbaycan oxucusuna və cəmiyyətinə ciddi mesajları, axıradək, tam çılpaqlığı ilə demədiyi fikirləri var. Bunlar, bəlkə də, çoxlarımızın başında dolaşan, lakin hələ də dolğun və düzgün deyim və ifadə tərzini tapmamış fikirlərdir. Zaman və problemlərin fövqündə dayanan, lakin davranış və real həyat tərzimizə sinə gərməyə duruş gətirməyən fikirlər. Bəli, biz istənilən vasitələrlə torpaqlarımızı geri qaytarmalıyıq. Bu, bir, iki, beş günün hünəri deyil. Bu, təkcə bəlli və sınanılmış siyasi, iqtisadi, lap belə hərbi vasitələrlə çatılası arzuya oxşamır. Xərçəng xəstəliyini müalicə etməklə məşğul olan həkim xərçəngə tutulub. Lakin keçirdiyi iztirablar və ağrılar heç də bu xəstəliklə bağlı deyil. Onu göynədən və isti ocağından edən mənəvi sarsıntılardır, neçə illərdən bəri yuxularına girən, xəyallarında dolaşan əsir el-obalar və dağıdılmış məzarlıqlardır. Ölümə yollanan bu qəhrəman unudulmuş yerlərə sanki işıq saça-saça ayaq basır, oxucuya ümidsizlik girdabından qurtarmağın yollarından hansınısa nişan verir. Özü nicat tapmağa nail olur, istəyinə çatır. Doğma kəndlərində, kənd qəbiristanlığında, atasının qəbri yanında canını tapşırır. Uzun illərin xəcalətindən qurtarır.
Qəhrəman Qarabağa, öz doğma kəndinə təkcə ölmək üçün deyil, həm də ağac əkmək üçün gedir. O ağacı o, kimlər üçün əkir? Əlbəttə, ermənilər üçün yox, ora qayıdacaq törəmələri üçün. Yəni burada bir inam məsələsi də var – o torpaqlara qayıdacağımıza qəti inam. Oralar erməni torpaqları ola bilməz, çünki orada ağac əkənlər (qəhrəmanın son nəfəsində olsa belə) Azərbaycan vətəndaşlarıdır, o torpağın övladlarıdır. Belə bir sonluq və rahatlıq, Vətən və Allah qarşısında cavabdehlik hissi, bəlkə də, xalqın bütün əxlaqi-mənəvi sınaqlardan çıxması, ruhən təmizlənməsi yoluna işarədir. Bir rus klassiki demişkən, bəzən bir insan qəlbinin tarixçəsi bütöv bir xalqın tarixindən daha maraqlı görünür. Xüsusən də iztirab və xəcalət hissinin nə olduğunu anlayan və bu hisslərlə yaşamaqla xərçəngə tutulan təbib ola. Elçin Hüseynbəylinin çox ustalıqla düşündüyü və qurduğu bu süjet (o, süjet yaratmaq ustalığını “Ulduz”un son sayında çap edilmiş hekayəsi – “Vulkan adam”da da təsdiqləyir) – ), yaratdığı yetkin xarakter dərin fəlsəfi məqama – azərbaycançılıq məfkurəsinə yetişmək yolunda tutarlı bir həlqədir. Vaxtilə dahi Dostoyevskinin “İncil”dən sitat gətirdiyi sözlər yadıma düşür: “Həqiqəti, həqiqəti sizə deyirəm: əgər torpağa düşmüş buğda dənəsi ölmürsə, tək qalır, ölürsə, bol məhsul verir”. E.Hüseynbəylinin qəhrəmanının ölümündə də dirilik, daxili təmizlənmə və ucalıq var.