Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

 

 

 

 
Məqalələr

"Yardımlının Səsi" qəzeti (№ 06, 18 iyun 2009-cu il)


Dəyərlərini qoruyub saxlamış ata-babalarımızın ruhu qarşısında cavabdehlik daşıyırıq

Tanıtım
Vəlixanlı (Cəfərov) Telman Həmzağa oğlu – 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olub, 1985-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra üç il doğma kəndlərində müəllim kimi çalışıb, 1988-92-ci illərdə əyani aspiranturada təhsil alıb, aspirantura müddətində hərbi xidmətdə olub. 1992-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1992-ci ildən bu günədək Bakı Slavyan Universitetində çalışır. Hazırda rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professorudur. 1993-cü ildə «Mütərcim» Tərcümə və Nəşriyyat-poliqrafiya Mərkəzini, 1996-cı ildə eyni adlı ədəbi-bədii və tərcümə jurnalını təsis etmişdir. O həm də 2000-ci ildən fəaliyyət göstərən BSU Humanitar liseyinin direktorudur. Orta və ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin, Bakı, Moskva və digər şəhərlərdə çap olunmuş onlarla sanballı monoqrafiyaların və elmi məqalələrin müəllifidir. Dahi rus ədibi F.M.Dostoyevskinin «Karamazov qardaşları» romanının Azərbaycan dilinə tərcüməsini son yaradıcılıq uğuru hesab edir.

- Rayonla əlaqələriniz varmı?
- Təbii ki, rayonla əlaqələrimiz var. Valideynlərimiz, qohumlarımız orada yaşayır, ildə bir neçə dəfə bura baş çəkməyi, rayon tədbirlərində iştirak etməyi, xeyirdə-şərdə görünməyi özümə borc hesab edirəm. Anadan olduğum, böyüyüb başa çatdığım, orta məktəbdə təlim-tərbiyə aldığım, əmək fəaliyyətinə başladığım kəndlə, rayonla əlaqəni necə üzmək olar?.. İnsanın uşaqlıq və gənclik xatirələri hansı yerlə bağlıdırsa, onun düşüncə və yaddaş kodu, ruhu və qəlbi, xəyal və yuxuları, dünyaya baxışı və çıxışı da onun üstünə köklənir. Baxın, Əkrəm Əylislini Əylisə çəkən, Musa Yaqubu İsmayıllını tərk etməyə qoymayan, Sabir Rüstəmxanlını hər iki gündən bir Yardımlıya aparan o böyük qüvvə burdan qidalanmırmı? Mən özümü şairlərə tay tutmaq istəmirəm, amma kəndlərimizi tərk edən hər gənc ailənin sorağı qulağıma çatan kimi, bir şair demişkən, kənd ağaclarının budaqlarından axan şeh damcıları ahıllarımızın və doğma torpaqlarımızın göz yaşlarıtək gözlərim önündə canlanır. Elman Eldaroğlunun və ona mənəvi-maddi dəstək verən bir neçə eloğlumuzun böyük zəhməti hesabına formalaşmış «Yardımlı» Xeyriyyə Cəmiyyəti də kəndlərimizdən iri şəhərlərə və onların kənarlarına köçən ailələrin bu meqapolislərin qəddar və soyuq mühitində qəlblərinin hərarətini, əcdadlardan gəlmə incə etik normaları qoruyub saxlama zərurətindən ortaya çıxan bir təşəbbüsdür. Vaxtilə mərhum filoloq, professor Kamil Əliyev nəslinə və onlardan sonrakılara mənsub Yardımlı ziyalıları tərəfindən irəli sürülən ideyanın axır ki öz həllini tapması bu gün möhtərəm Prezidentimizin regionların inkişafı ilə bağlı imzaladığı çoxşaxəli və mərhələli Dövlət proqramının həyata keçirilməsi fonunda çox vacib görünür.

- Yardımlının bugünkü sosial-iqtisadi durumu, ictimai həyatı sizi qane edirmi?
- İkinci sualınız birincisi ilə bağlı olduğundan fikrimi davam etdirmək istəyirəm. Bilirsiniz, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan postsovet dövrünün ən iri iqtisadi və mədəni layihələrini, hər bir vətəndaşın, ölkənin istənilən bölgəsinin yararlana biləcəyi quruculuq tədbirlərini həyata keçirməkdədir. Dövlət məmuru, ya da sıravi vətəndaş olmasından asılı olmayaraq, Yardımlı bölgəsindəki sosial-iqtisadi və mədəni sıçrayışın tempi kiminsə günahı ucbatından ölkədəki ümumi inkişaf tempindən geridə qalırsa, bunu görmək və lazımi səviyyələrdə müzakirə etmək lazımdır. Ölkə rəhbərlərinin Yardımlıya bir neçə dəfə baş çəkmələri nəticəsində yerli əhali arasında müəyyən ruh yüksəkliyi və inam hissinin yaranması, yolların yüksək səviyyədə təmiri, kommunikasiya xidmətlərinin qaydaya salınması, rayon mərkəzinə qaz verilməsi bölgənin dirçəlişi üçün kifayət qədər zəmin yaratdı. Mən rayonumuzda icra başçısı olmuş çox hörmətli Süleyman Mikayılovun vaxtında başlanmış iqtisadi inkişaf tempinin bu gün də həmin səviyyədə saxlanılmasının, bölgədə rayon və respublika əhəmiyyətli layihələrin həyata keçirilməsinin, o cümlədən turizm və istirahət şəbəkəsinin qurulmasının, yeni enerji resurslarının yaranması şəraitində xırda və orta istehsalat sahələrinin yaradılması istiqamətində sərmayədarların, ilk növbədə isə rayon əsilli insanların bu işlərə cəlb edilməsinin tərəfdarıyam. Bu gün ölkədə yaranmış münbit iqtisadi vəziyyətdən, bölgələrlə bağlı layihələrdən kənarda qalmaq və qədərincə yararlanmamaq boşalmaqda və işsiz gənc sakinləri şəhərlərə üz tutmaq məcburiyyətində qalan Yardımlı kəndləri üçün faciə ilə bitə bilər. Səmimi olmaq lazımdır. Kimin qəlbində ölkəmizin bu füsünkar guşəsinə məhəbbət, fanatik bir sevgi, başında yeni iqtisadi münasibətlər və bazar qanunları ilə bağlı bilgi və bacarıqlar varsa, o adamları da iş başına gətirmək lazımdır. Rayon əhalisi, yerli bələdiyyələr təşəbbüskarlıq göstərməli, bölgədəki layihələrə yetərincə dəstək verməlidirlər. İndi dövlətimizin istənilən təşəbbüsü dəstəkləməyə, camaatın istəyindən doğan hər bir işə dayaq durmağa gücü var. Qoy heç kəs məndən inciməsin. Mənə valideynlərimdən və doğulub, boya-başa çatdığım torpaqdan əziz heç nə yoxdur. Doğrusu, respublikadakı ümumi mənzərəyə baxanda rayonumuzun iqtisadi, sosial və ictimai həyatında müəyyən qədər canlanmaya ehtiyac duyuram.

- Bu gün rayonun təhsilini necə qiymətləndirirsiniz, bu sahənin inkişafı üçün hansı addımları atmaq mümkündür?
- Bu yaxınlarda mətbuatda hörmətli Təhsil nazirimiz prof. M.Mərdanovun dünya və Azərbaycanda həyata keçirilən müasir təhsil layihələri ilə bağlı mülahizələri yer almışdı. Bu mülahizələrin birində göstərilir ki, respondentlərin Finlandiyada həyat səviyyəsinin yüksək olmasının səbəblərinin nədən asılılığı ilə bağlı qoyduğu üç suala hər üç cavab düzgün qurulmuş təhsil modeli ətrafındadır. Yəni rayonda diqqət yetirəcəyimiz və bütün qüvvəmizi yönəldəcəyimiz ən müqəddəs və önəmli bir sahə varsa da, o da məktəbəqədər və orta təhsil müəssisələridir. Xatırlayırsınızsa, test sistemi ilə keçirilən ilk qəbul imtahanında ən yüksək nəticəni Yardımlı rayon və Sumqayıt şəhər məktəblərinin məzunları göstərmişdilər. Sonrakı illərdə mənzərə tam dəyişdi. Səbəb də aydındır: birincisi, İranla sərhədlərin açılması təlim-tərbiyə prosesini pozdu, ehtiyac üzündən əhalinin təhsilə münasibəti dəyişdi və əvvəlki dəyərlərə hörmət azaldı, ikincisi, rayon məktəblərində xarici dillərin və informatikanın tədrisi problemi özünü göstərdi (bu da obyektiv bir məsələdir, onun həlli isə təkcə rayon rəhbərliyindən asılı deyil, bəlkə də, asılıdır. Axı bunun üçün ali məktəblərlə əlaqə qurmaq, gənc mütəxəssisləri rayona gətirmək və onlara lazımi şərait yaratmaq rayon rəhbərliyinin və təhsil şöbəsinin öz əlindədir), üçüncüsü, müəllim peşəsi əvvəlki nüfuzunu qoruyub saxlaya bilməməklə yanaşı, həm də rayon məktəblərinə gələn gənc müəllimlər lazımi qayğı və tələbkarlıqdan kənar qaldılar. Yenə hansısa səbəb gətirmək olar. Amma ən əsası odur ki, bu rayondan pedaqoji ixtisaslar üzrə ali məktəblərə girən şəxslər icra hakimiyyəti və təhsil şöbəsinin nəzarəti altında olsunlar, gənc mütəxəssislərin doğma yerlərə dönməsi üçün lazımi şərait yardılsın, yəni onlara torpaq sahəsi ayrılsın və ya onlar uzunmüddətli kredit hesabına mənzillə təmin olunsunlar. Yardımlıda ən müasir tələblərə cavab verən, təşəbbüskar və professional, müasir təlim metodlarından və texnologiyalarından baş çıxaran müəllim kollektivinin çalışacağı yeni tipli orta tədris müəssisəsinin təşkilinə ciddi zərurət var. Bölgə üçün əhəmiyyət kəsb edəcək bu respublika əhəmiyyətli lisey və ya gimnaziyaya Bakı və Sumqayıtda, digər bölgələrdə yaşayan pedaqoqlar da müsabiqə yolu ilə cəlb edilə bilərlər. Eyni sözləri tibb sahəsinin adamları barədə də deməyə dəyər. Qəzetinizin ötən nömrəsində hörmətli Hacı Himayətin müsahibəsində də eyni narahatçılıq yer almışdı. Yoxsa istedadlı və qabiliyyətli uşaqlarımız özlərinə yol tapa bilməyəcək, Bakı və Sumqayıt şəhərlərindən olan abituriyentlərlə ayaqlaşa, xarici ali məktəblərdə təhsil almaq hüququndan bəhrələnə bilməyəcəklər. Bölgənin inkişafı üçün bundan əhəmiyyətli tədbir görmürəm. Nə qədər ki rayonda kifayət qədər ingilis dili müəllimimiz yoxdur, rus dili müəllimlərinin məsuliyyətini artırmaq gərəkdir. Çünki növbəti tədris ilindən abituriyentlər bütün qruplar üzrə rus dilindən imtahan vermək hüququ əldə edəcəklər. Bir neçə kəlmə də valideyn məsuliyyəti barədə. Hər bir məktəb şagirdinin müvəffəqiyyət qazana bilməsi yalnız məktəbdən yox, həm də valideyndən, onun öz övladlarını ən düzgün yola - təhsilə yönəltməyindən asılıdır. Yardımlıda çoxuşaqlı ailələr həmişə çox olub, Allaha şükür ki, bu gün də var. Ailənin ilk övladları valideyn dəstəyi ilə, yəni şəhərdəki lisey və gimnaziyalara göndərilməklə, ya da rayonun özündə professional pedaqoq-repetitorların nəzarəti altında yaxşı hazırlıq keçməklə ali məktəblərə daxil olurdular. Onlar isə o biri ailə üzvülərinə də yol açırdılar. Bu gözəl xüsusiyyəti qorumaq lazımdır. Digər bölgələrə nisbətən inkişafda geri qalmağımızın ən böyük səbəbi isə qızların təhsili ilə bağlıdır. Savadlı qız övladlarımızın ali və orta ixtisas təhsili alıb rayonumuza mütəxəssis qayıtmalarına nail ola bilməsək, rayonun sosiomədəni rifahından, təhsil, mədəniyyət və səhiyyə müəssisələrimizdə hər hansı bir inkişaf və sıçrayışdan söz açmağa dəyməz. Burada da valideyn təşəbbüsünə, rayon rəhbərliyi səviyyəsində müəyyən gender layihələrinin dəstəklənməsinə və təbii ki, məktəb pedaqoji kollektivlərinin fəal müdaxiləsinə güclü zərurət duyulur.

- Rayonda narkoticarətin narkomaniyanın yayılma səbəbləri nədir problemin aradan qaldırılması üçün etmək olar?
- Bu suala cavab vermək istəməzdim. Çünki belə bir sualın və problemin bizim rayon camaatına ünvanlanmasını özümə təhqir hesab edirəm. On illiklər boyu öz adət-ənənələrini, ən qədim türk və müsəlman mənəvi dəyərlərini, əxlaq və etikasını qoruyub saxlamış ata-babalarımızın, əcdadlarımızın ruhu qarşısında cavabdehlik daşıyırıq. Hər qarış torpağı müqəddəs, məbəd və ibadətgah sayılan, şəcərəsi müqəddəs varlıqlara gedib çıxan nəsillərin məskunlaşdığı bu bölgəyə deyilən şeylər yaraşmaz. Mənə elə gəlir ki, yerlərin idarə olunmasında ağsaqqalların rolu artırılmalıdır. Bələdiyyələrə, kənd və rayon icra hakimiyyətinə əhalinin inandığı və etibar etdiyi səmimi, təmiz insanlar cəlb edilməlidirlər. Yardımlı kimi rayonda, camaat arasında xoşagəlməz bir hal öz ölçüsünü həndəsi silsilə ilə artırır, bu isə insanların inam və etimadının azalmasına gətirib çıxarır. Yardımlı camaatı kənardan gəlmə rəhbər kadrlara diqqət və sayğı göstərməklə yanaşı, həm də həmişə tələbkarlıq nümayiş etdiribdir. Rayon əsilli ziyalı kimi mən də arzu edirəm ki, ölkə rəhbərliyinin yüksək etimadı ilə Yardımlıya məsul vəzifələrə təyin edilmiş insanlar bizim narahatçılığımızı başa düşməyə çalışsınlar.

- Ümumiyyətlə rayonun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Dünya gör-götür dünyasıdır. Allaha şükür, Azərbaycanın bütün bölgələri tərəqqidədir, hər yerdə istehsal sahələri, turizm və istirahət infrastrukturu, zavod və fabriklər yaradıldığı, böyük abadlıq işləri aparıldığı bir şəraitdə bizim zəmanədən geri qalmağa haqqımız yoxdur. Mən «Yardımlı» Xeyriyyə Cəmiyyəti və «Yardımlının səsi» qəzetinin də bu niyyətə xidmət etməsini, vaxtı ikən Stalinin ədalətsiz sərəncamlarına uyğun olaraq köçürülmüş və yandırılmış kəndlərimizdən respublikanın və dünyanın saysız-hesabsız guşələrinə pərən-pərən düşmüş yardımlılar arasında əlaqə və ünsiyyətin qurulmasına dəstək verməsini, bölgələrin inkişafı ilə bağlı Prezident sərəncamlarından Yardımlı rayonunun da qədərincə yararlanmasına səy göstərməsini arzulayıram. Yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, rayon heç də pis inkişaf perspektivinə malik deyil. Həm insan potensialına, həm investisiya və kreditlərin cəlb olunması imkanlarına, həm də təbii şəraitə və relyefə uyğun istehsal və xidmət sahələrinin inkişaf etdirilməsinə görə imkanlar bir daha çək-çevir edilməli, rayon mərkəzinin və kəndlərimizin görkəmi dəyişdirilməlidir. İstisnasız olaraq bütün kəndlərarası yolların, kəndlərin içərisindəki yolların döşənməsinə və qorunmasına böyük ehtiyac var. Kəndlərdə internet xidməti, məktəb və kitabxanaların fəaliyyəti daim diqqət mərkəzində durmalı, yeni yaşıllıq zonaları və meşələr salınmalıdır.

- Əlavə demək istədikləriniz varmı?
- Demək istəmək azdır, iş görmək lazımdır. Bəlkə, bizim hamımızın o doğma yerlərə, ölkəmizin dilbər guşələrindən birinə dönüb yol daşlamağımıza, əlinə sinif jurnalı alıb təzəcə tikilmiş kənd məktəblərində uşaqların qarşısında görünməyimizə, gözəl təmirdən çıxmış və avadanlıqlarla təmin olunmuş mərkəzi xəstəxanamıza yardım əli uzatmağımıza ehtiyac var? Tərəzinin bir gözünə Bakı, Moskva, Paris boyda şəhərlərin dərdini, o birisnə isə öz qəmi ilə göynəyən doğma kəndini qoyan xalq şairi Sabir Rüstəmxanlının hələ 1985-ci ildə qələmə aldığı «Kəndə qayıdıram» şeirinin aşağıdakı sətirləri sanki bu günümüz üçün yazılıb, bu poetik ovqatda gileylə yanaşı çağırış da var: şair hamımızı ruhən, qəlbən və cismani olaraq kəndə səsləyir:
Niyə kəndə gələndə əzəlki sevinc gəlmir,
Niyə bu səssizlikdə əsəblərim dincəlmir.

Axı boş evlərin, əkilib-becərilməyən torpaqların, ata ocağını nəfəssiz və hərarətsiz qoyan cavanların yaratdığı «səssizlik»də əsəb dinc olsun?!
Bir məsələyə də münasibət bildirmək istərdim. Rayon gəncləri, məktəbyaşlı uşaqlar bölgənin tarix və mədəniyyəti, insanları, elm və mədəniyyət xadimləri haqqında məlumatlı olmalıdırlar. Başqa bölgələrin təcrübəsinə müraciət etməyə dəyər. Düzdür, bizim qazaxlılar qədər şairimiz, yazıçımız, elm xadimimiz yoxdur ki, rayonda «Mütəfəkkirlər bağı» salaq, amma, hər halda, örnək ola biləcək ünvanlar – xalq şairimiz, xalq artistimiz, əməkdar müəllimimiz, şəhidlərimiz... - var, rayonun müvafiq muzeylərində, mətbuat orqanında və məlumat-sorğu kitablarında bu məsələyə yer ayırmağın vaxtıdır. Əhalimizdə tənqidi təfəkkür və hər şeyi bəyənməmək hissi güclü olduğundan tərif və təbliğat kimi xırda hisslərə yer vermək vərdişi yoxdur. Bu isə öyünüləsi vərdiş deyil.

Müsahibəni apardı: Əli Zülfüqaroğlu

 

   
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi