Bakı Slavyan Universitetinin Humanitar Liseyi  
 
Məqalələr

Fəttah Fəttayev,
Bakı Slavyan Universitetinin Humanitar liseyinin riyaziyyat müəllimi, metodbirləşmə rəhbəri

Alfred Nobel və Nobel mükafatları

Dünyada elə insanlar olmuşdur ki, elmin, texnikanın, sənayenin müxtəlif sahələrindəki ixtiraları və kəşfləri ilə bəşəriyyətə misilsiz xidmətlər göstərmişlər. Bu insanlar güclü zəkaları, dərin təfəkkürləri, iti ağılları ilə başqalarından fərqlənmiş, öz həyatlarını insanların rifahi naminə elmi tədqiqatlara həsr etmişlər. Belə insanlar həmişə dünyanın diqqət mərkəzində olmuş, onların fəaliyyətləri yüksək qiymətləndirilmişdir. Onların əməyini qiymətləndirmək, elmin və mədəniyyətin inkişafına təkan vermək məqsədilə hər bir ölkənin özündə ayrı-ayırı mükafatlar, fəxri adlar təsis olunmuşdur. Daha yüksək səviyyədə və qlobal miqyasda kəşflərə, ixtiralara görə isə müxtəlif fond və təşkilatlar, həmçinin ayrı-ayrı şəxslər tərəfindən təsis olunmuş bir çox beynəlxalq mükafatlar, fəxri adlar mövcuddur. Bu mükafatlar sırasında Oskar, Soros, Makartunov, Karneqi, Ford, Solve fondları, İmperator Vilhelm adına Elmə Yardım cəmiyyətinin təsis etdiyi mükafatlar öz əhəmiyyətlərinə görə daha çox tanınmışlar.
Belə mükafatlardan biri də Nobel mükafatıdır. Adlarını çəkdiyimiz mükafatların heç birini ictimai əhəmiyyətinə görə Nobel mükafatı ilə eyniləşdirmək olmaz. Bu mükafat isveçli alim və ixtiraçı, Stokholm Texniki İnstitutunun təsisçilərindən biri olan Emmanuel Nobelin oğlu Alfred Nobelin  vəsiyyəti əsasında təsis olunmuşdur.
Emmanuel Nobel 1837-ci ildə çar hökumətinin dəvəti ilə İsveçrədən Rusiyaya gəlir, zavod tikdirərək silah istehsalına başlayır və sualtı mərmilər hazırlayır. Krım müharibəsi zamanı ruslar ingilis hərbi gəmilərinə qarşı məhz  bu gəmilərdən istifadə edirdilər. Nobellər hərbi qayıqlar üçün buxar maşınları da istehsal edirlər. Krım müharibəsi qurtardıqdan sonra silah və sursat üçün dövlət sifarişləri kəsilir, Nobel iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalır.
Müflis olmaqdan birtəhər canını qurtaran Emmanuel arvadı və iki oğlu – Alfred və Elmarla birlikdə Peterburqdan vətənə qayıdaraq orada kimya laboratoriyası açır. Laboratoriyada partlayış baş verir və Elmar bu partlayış zamanı həlak olur. Partlayışın səbəblərini araşdıran Alfred o dövr üçün ən dəhşətli və dağıdıcı maddə hesab edilən dinamiti kəşf edir. Dinamit istehsalının hesabına dünyanın ən zəngin adamlarından birinə çevrilir.
Alfred Nobel  21 noyabr 1833-cü ildə Peterburqda anadan olmuş, uşaq yaşlarında fizika və kimyaya böyük maraq göstərmişdir. Sonralar kimya elmləri doktoru elmi dərəcəsini alan A.Nobel həm də fəlsəfə elmləri doktoru olmuşdur. Əldə etdiyi nailiyyətlərə və ixtiralarına görə İsveç Kral Akademiyasının, London Kral Cəmiyyətinin, Paris Mülki Mühəndislər Cəmiyyətinin üzvü seçilmiş, Litterayted mükafatına, İsveçin "Qütb ulduzu," Fransanın "Şərəf Legionu", Braziliyanın "Qızıl gül" ordenlərinə layiq görülmüşdür. Böyük ixtiraçılıq istedadına malik olan A.Nobel müxtəlif ixtiralarına görə 90-a yaxın patent almışdır. O, elmi fəaliyyəti ilə yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Yazdığı bu sətirlər onun əsil iş adamına xas olan xüsusiyyətlərə malik olduğunu göstərir: "Vətənim fəaliyyət göstərdiyim yerdir, mən isə hər yerdə fəaliyyət göstərirəm". Böyük bir iş adamı kimi onun üçün nə siyasi maneələr, nə də milli ərazi bölgüsü mövcud olmuşdur.
A.Nobel qardaşları Lüdviq və Robert Nobellərlə birlikdə Bakıda da geniş fəaliyyət göstərmişlər. Onların yaratdıqları "Nobel qardaşları" şirkəti Bakı neftinin istismarında yaxından iştirak etmişdir.
"Nobel qardaşları"nın Bakıya gəlməsinin maraqlı bir tarixçəsi var. E. Nobel Peterburqdan İsveçə qayıtdıqdan sonra, Lüdviq və Robert Peterburqda qalıb. İjevsk şəhərindəki silah zavodunu icarəyə götürüb 7 il müddətinə rus ordusuna 200.000 tüfəng verməyi boyunlarına götürürlər.Almaniyadan tüfəng qundağı üçün gətirilən qoz ağacı çox baha başa gəlirdi. Peterburq ətrafında isə qoz ağacı bitmədiyindən onlar qoz ağacı materialını ölkənin müxtəlif yerlərində axtarırdılar. Haradansa Qafqazda – Lənkəran meşələrində qoz ağacının çox olması haqqında məlumat alırlar və Robert Azərbaycana gəlir. Axtarışlar faydasız olur, qoz ağacı meşələri haqqında məlumatın yanlışlığı aydınlaşır. Robert Bakıda neft mədənlərini görüb maliyyə, sənaye, iqtisadi vəziyyəti öyrənir. Peterburqa məktub göndərib qardaşı Lüdviqə əsl sərvət mənbəyinin Bakıda olduğunu xəbər verir.Buruqlardan gecə – gündüz "qızıl" axdığını  deyən Robert Bakıda fəaliyyət göstərmək üçün şirkət yaratmağı israrla təkid edir. Lüdviq 187cu ildə yaxın maliyyə dostlarından baron P. A. Bilderlinq, F.A. Blümberq, A.S. Suldqeren, B.F.Vunderlinq, İ.Y. Vabelski, M.U. Belyamini toplayıb "Nobel qardaşları" şirkətini təsis edir. Sonra Robertə lazımi vəkalət və pul göndərir.
Robert bu pul ilə neft mədəni və Qaraşəhərdə neft təmizləyən, kükürd turşusu, mis, çuqun əridən zavodlar tikdirdilər.
"Nobel qardaşları" özünün 5 illiyini bayram edəndə onların ümumi kapitalı artıq 3.000.000 manata yaxın idi. Ümumi məbləğ şəriklər arasında belə bölünmüşdü.: Nobellər – 1.610.000 manat, Baron P.A. Bilderlinq – 930.000 manat, F.A. Blyumberq – 25.000 manat, A.S. Suldqeren – 5.000 manat, B.F.Vunderlinq – 5.000 manat, İ.Y. Vabelski – 135.000 manat, M.U. Belyamin – 25.000 manat.
"Nobel qardaşları" neftin olması güman edilən bütün yerlərdə – Kür düzənliyində, Qobustan ovalığında, Xəzəryanı  düzənlikdə sahələr icarəyə götürüb ehtiyatda saxlayır, lazımi yerlərdə quyular qazdırır, axtarış – kəşfiyyat işləri aparırdılar. Onlar "Pirallahı" adasını icarəyə götürüb buruq salırlar və 1904 – cü ildə zəngin neft yatağı aşkar edirlər. Camaat hətta Pirallahıya kinayə ilə "Nobel Saxalini "də deyirdilər.
Lüdviq Nobel söhbətlərinin birində demişdi ki, dövrümüzdə əsl kral və hökmdar neft mədəni və zavodlarının sahibləridir. Dünyanın bir çox yerlərində fəaliyyət göstərən Nobellərin əsas gəlir mənbəyi Bakı nefti idi. Hətta onlardan biri: - "Ürəyimiz Bakıdadır, bizi iflic vursa ordan  vuracaq," – demişdi.  Təkcə onu qeyd etmək kifayətdir ki, əvvəllər 31 milyon İsveç kronu məbləğində olan Nobel fondunun 12,4 faizi və ya 3,74 mln. kronu "Nobel qardaşları" şirkətinin Bakı nefti hesabına qazandığı pullardan Alfred Nobelin payına düşən səhmlərin hesabına idi.
Alfred Nobel 10 dekabr 1896-cı ildə vəfat etmişdir. 1895-ci ilin 27 noyabrında yazılmış məşhur vəsiyyətnamədə özünün qalan əmlakının aşağıdakı kimi bölüşdürülməsini vəsiyyət edir. Onun vəsiyyətinə görə əmlakı etibarlı qorunmalı və onun əsasında fond yaradılmalı idi. Fondun məqsədi isə hər il bəşəriyyətə ən çox xeyir vermiş şəxslərə pul mükafatının verilməsini təmin etmək olmalıydı. Mükafat fondunun beş yerə bölünməsi və aşağıdakı kimi xərclənməsi nəzərdə tutulurdu: Birinci hissə - fizika sahəsində, ikinci hissə - kimya, üçüncü hissə - fiziologiya və ya tibb sahəsində mühüm yenilik və ya kəşf etmiş, dördüncü hissə ədəbiyyat sahəsində görkəmli əsər yaratmış şəxsə və nəhayət, beşinci hissə - millətlər arasındakı dostluğun möhkəmlənməsi və ya hərbi qarşıdurma zamanı gərginliyin azaldılması sahəsində mühüm işlər görmüş şəxsə verilməli idi.
A.Nobelin vəsiyyətində mükafatların verilməsinin kim tərəfindən təyin olunacağı da göstərilmşdi: fizika və kimya sahəsində İsveç Krallığının Elmlər Akademiyası, fiziologiya və tibb sahəsində Stokholmdakı Karolin Tibbi-Cərrahiyyə İnstitutu, ədəbiyyat sahəsində Stokholmdakı İsveç Akademiyası, nəhayət "Sülh" mükafatı Norveç parlamenti tərəfindən təyin olunmuş 5 nəfərdən ibarət komitə mükafatlarının kimə veriləcəyini təyin edir.
Vəsiyyətin sonunda A.Nobel onu da qeyd edir ki, mükafatın verilməsinə laureatın bu və ya digər millətə, irqə mənsubluğundan, onun hansı ölkədə yaşamasından asılı olmamalıdır.
Nobel fondu və Nobel mükafatı 10 dekabr 1896-cı ildə təsis olunmasına baxmayaraq, yalnız 29 iyun 1900-cu ildə İsveç kralının razılığından sonra rəsmi status almışdır.
Nobelin vəsiyyətində adları qeyd olunan təşkilatlar uzunmüddətli müzakirələrdən sonra laureatların seçilməsi məsələsinin məsuliyyətini öz üzərinə götürməyə razılıq vermişlər. Bu təşkilatların müxtəlif üzvləri vəsiyyətnamədə qeyd olunan şərtlərin qeyri-müəyyən olduğuna istinad edərək onun həyata keçirilməsinin çətin olacağını bəyan etmişlər. Bütün bunlara baxmayaraq, 1900-cu ildə Nobel fondu artıq yarandı. Onun statusu və fəaliyyəti vəsiyyətnamədə göstərilən şərtlərə uyğun olaraq təşkil olunmuş xüsusi komitə tərəfindən müəyyənləşdirildi.
İlk Nobel mükafatı 10 dekabr 1901-ci ildə verilmişdir. İlk laureatlar Vilhelm Rentgen (fizika), Anri Dyunon (sülh), Yakob Henrik Van-Hoff (kimya), Emil fon-Berinq (fiziologiya və təbabət), Sülli Pridom (ədəbiyyat) olmuşdur.
İsveç və Norveç arasındakı siyasi həmrəylik uzunmüddətli danışıqlardan sonra 1905-ci ildə yarandı və 10 aprel 1905-ci ildə Norveç Nobel komitəsi təşkil olundu. Nobel mükafatının kimə verilməsini təyin edən təşkilatlar üçün indi fəaliyyətdə olan xüsusi qaydalar da həmin vaxtdan - 10 aprel 1905-ci ildən qüvvədədir. 1968-ci ildə İsveç  bankı özünün 300 illik yubileyi münasibətilə iqtisadiyyat sahəsndə də belə bir mükafatın verilməsi təklifi ilə çıxış etdi. İsveç Kral  Akademiyası laureatın müəyyən olunmasını öz üzərinə götürdü.
A.Nobelin şərəfinə təsis olunmuş və ilk dəfə 1969-cu ildə verilmiş bu mükafat da 10 dekabrda təqdim olunur.

Hazırda məbləği 2 milyon İsveç kronundan (225 min ABŞ dolları) artıq olan Nobel mükafatının təkcə pul mükafatı kimi deyil, həm də insan intellektinin yüksək səviyyədə qiymətləndirilməsi kimi məşhurlaşmışdır. Çoxsaylı başqa mükafatlardan fərqli olaraq Nobel mükafatını təkcə elm, sənət xadimləri deyil, bütün insanlar tanıyır.
Nobel mükafatları özünün statusuna görə bir sahədə eyni zamanda üç nəfərdən artıq şəxsə verilə bilməz. Buna görə də laureatlıq iddiasında  olan, elm sahəsində böyük xidmətləri olmuş şəxslərin çox cüzi hissəsi bu mükafatı almağa ümid edə bilər.
Nobel mükafatının nüfuzu onun beynəlxalq xarakter daşımasına və hər bir sahə üzrə laureatın seçilməsi mexanizminin effektivliyinə görədir. Hər bir sahə üzrə mükafatın təltif olunması üçün xüsusi Nobel komitələri fəaliyyət göstərir. Hər bir komitə 5 nəfərdən ibarət olur, lakin kömək üçün elmin başqa sahələri üzrə mütəxəssislərə də müraciət edə bilər. Mükafata namizədlər təşkilatlar tərəfindən yox, ayrı-ayrı şəxslər tərəfindən verilir. Namzədlərin irəli sürülməsi fevralın 1-nə qədər başa çatır. Həmin gündən də Nobel komitələri işə başlayır: sentyabradək komiə üzvləri və məsləhətçilər namizədin işlərini  qiymətləndirirlər. Bu müddətdə komitə üzvləri bir neçə dəfə yığılıb müzakirə aparır, kənardan dəvət almış ekspertlərin hər bir namizədin bəşəriyyətin inkişafı naminə gördüyü işlərin dəyərini və orijinallığını təyin etmək üçün söylədikləri fikirlərə qulaq asırlar. İlkin qiymətləndirmə başa çatdıqdan sonra, komitə gizli saxladığı hesabatını və rəyini yekun qərar qəbul etmək üçün yuxarı instansiyaya ötürür. Qeyd edək ki, qiymətləndirmənin ilkin mərhələsində hər il minlərlə mütəxəssis iştirak edir.
Oktyabr ayında müxtəlif assambleyalarda son seçki işləri aparılır. Laureatlar yekun mərhələdə təsdiq olunduqdan sonra, onların adları Stokholmda dünyanın əsas informasiya agentliklərinin iştirak etdiyi mətbuat konfransında açıqlanır. Hər bir laureatın təltif olunmasının səbəbləri də qısaca aydınlaşdırılır.
Daha sonra Nobel fondu laureatları və onların ailələrini 10 dekabrda Stokholm və Osloya dəvət edir. Stokholmda təqdimetmə mərasimi 1200 nəfərin iştirak etdyi Konsert zalında keçirilir. Fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar laureatın gördüyü  işlərin qısa xülasəsi verildikdən sonra İsveç kralı tərəfindən verilir. Mərasim Nobel fondu tərəfindən təşkil olunmuş ziyafətlə başa çatır. Sülh mükafatının təqdimat mərasimi işə Osloda, universitet zalında İsveç Kralı və onun ailə üzvlərinin iştirakı ilə keçirilir. Mükafatı Norveç Nobel komitəsinin sədri təqdim edir. Stokholm və Osloda təqdimat mərasimində laureatlar özlərinin Nobel mühazirələrini də təqdim edirlər ki, sonra bu mühazirələr "Nobel laureatları"nın xüsusi buraxılışında dərc olunur.
Nobel mükafatları alim və tədqiqatçılara, yazıçı və ictimai xadimlərə bir qayda olaraq sağlıqlarında verilir. Bu da elm, mədəniyyət sahəsində əldə olunan nailiyyətləri inkişaf  etdirmək, gənc alim və tədqiqatçıları daha da həvəsləndirmək məqsədi daşıyır. Eyni bir alim bir elm  sahəsində bu mükafatı yalnız bir dəfə ala bilər. Nobel mükafatının verilməsi haqqında qərardan şikayət vermək və onu ləğv etmək olmaz. Nobel mükafatını alan ən gənc alim ingilis fiziki Uilyam L.Bert olmuşdur. O, bu mükafatı 25 yaşında almışdır. Ümumiyyətlə Nobel mükafatı alan şəxslərin orta yaş müddəi 67,7-dir. Mariya Sklodovskaya Kuri bu mükafata iki dəfə – 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsində layiq görülmüşdür.

© Fəttayev F.M., 2003-2009

Materiallardan istifadə edərkən sayta istinad etmək vacibdir.

 


 
 

Alfred Nobel

Nobel mükafatı laureatlarına verilən diplom

XX-ci əsrin əvvəllərində Bakıda neft çıxarılması

Nobel Fondunun nişanı

 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi