Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 
Məqalələr

Fəttah Fəttayev,
Bakı Slavyan Universitetinin Humanitar liseyinin riyaziyyat müəllimi, metodbirləşmə rəhbəri

DÜNYA MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA İSLAMIN ROLU

“Bu gün məmləkətimizdə və İslam aləminin bir çox yerlərində Qərbə qarşı bir heyranlıq fırtınası şiddət etməkdədir. Bunun nəticəsi olaraq, mütərəqqi bir texnikaya malik olanların yanında bundan məhrum olmanın doğurduğu bir ümidsizlik görünməkdədir. Millətlərin inkişafı özlərinə sonsuz etimadları ilə mümkün olur. Bu etimad isə keçmişdəki uğurları bilməsi və yenidən eyni uğurlara çata biləcəyinə inanması ilə əldə edilir.” 60-cı illərin ortalarında deyilmiş bu sətirlərin müəllifləri Türkiyənin Konya Yüksək İslam İnstitutunun assistenti Avni Elxan və doktor Əli Məhəmməddir. Onlardan daha öncə – XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mütəfəkkirlərindən Əli bəy Hüseynzadə və məşhur dramaturqumuz Hüseyn Cavid də “Qərbə qarşı həddindən artıq heyranlıq fırtınası” təhlükəsi haqqında çıxış etmişdilər.
Həmin problem bu gün daha çox aktuallıq kəsb edir. Çünki indi həmin “heyranlıq fırtınası” Azərbaycanda heç bir vaxt çatmadığı səviyyəyə çatıb. Əlbəttə, Qərb aləmində mövcud olan mütərəqqi fikirlər, yeniliklər çoxdur. Yeri gəldikcə onlardan istifadə etmək vacibdir. Lakin bu zaman milli psixologiya, adət-ənənələrimiz və s. digər amillər mütləq nəzərə alınmalıdır. Əli bəy Hüseynzadənin dediyi kimi: “Biz türklərin nicatı İslamdır. Üzümüzü Qərbə tərəf tutduqda onların boğaz və mədəsini yox, zehnini ölkəmizə gətirməliyik.” 
Hər şeydə təqlidçilik, yalnız başqalarını yamsılamaq, kimə isə oxşamaq və s. kimi meyllər millətin özünə olan inamını azaldır, öz inkişafının yalnız başqalarının hesabına mümkün olacağı fikrini formalaşdırır. Millətlər isə “özlərinə sonsuz etimad” nəticəsində inkişaf edir. Bir az öncə dediyimiz kimi, “bu etimad isə keçmişdəki uğurlarını bilməsi və yenidən eyni uğurlara çata biləcəyinə inanması ilə əldə edilir”. Məhz buna görə də dünya mədəniyyətinin inkişafında bir millət kimi özümüzün və müsəlman kimi əsrlərlə üzərində boy atdığımız kökün, mənəviyyatın – İslam mədəniyyətinin nə dərəcədə əhəmiyyətli rol oynadığını bilməyimiz vacibdir.
“Əsrlər boyunca İslam öz elmləri, yüksək mədəniyyəti və qüvvəti ilə cahana hökm etdi. Yunan fəlsəfəsi və elm xəzinəsinin varisi olmaq etibarı ilə müsəlmanlar bu xəzinələri islami fikirlərlə zənginləşdirdikdən sonra Qərbə – Avropaya nəql etdilər. Bu surətlə Orta əsrlərdəki Avropanın mədəni üfüqlərini genişləndirib insanların fikir və həyatında dərin bir təsir buraxdılar.” Bu sözləri məşhur fransız tədqiqatçısı və tarixçisi Jasgues C. Riesler 1955-ci ildə Parisdə nəşr olunmuş “La Civilisation Arabe” əsərində söyləmişdir. Digər qərbli alim Gustave Le Bon isə “La Civilisation des Arabes” əsərində İslam elmi mərkəzlərinin dünya mədəniyyətinə verdiyi töhfələr barədə yazır: “Avropa vəhşilik zamanlarının ən qatı qaranlığında boğulduğu bir vaxtda İslam dairəsindəki Bağdad və Kurtubə sənət və elm işıqlarını bütün dünyaya yayan iki mədəniyyət mərkəzi idi.”
VII-X əsrlərdə İslam xilafətinin təsir dairəsində olan yaxın və Orta Şərq, Şimali Afrika, Cənub-Qərbi Avropa xalqlarının qarşılıqlı mədəni təsiri prosesində yaranmış Orta əsr mədəniyyəti “İslam mədəniyyəti” (müsəlman xalqlarının mədəniyyəti) kimi formalaşıb təşəkkül tapdı.
Bəzi tədqiqatçılar bu mədəniyyəti "ərəb mədəniyyəti", "ərəb-islam mədəniyyəti", "ərəbdilli mədəniyyət" və s. kimi də səciyyələndirirlər. Bizim fikrimizcə isə bu cür adlandırmalar həmin dövr mədəniyyətini tam xarakterizə edə bilmir. Xüsusilə də “ərəb” faktorunun həddindən artıq qabardılması həqiqətə uyğun deyildir. Doğrudur, həmin dövrdə ərəblərin rolunu, ərəb dilinin başqa dillərə nisbətən üstünlüyünü inkar etmək olmaz. Lakin bir çox aspektlərdən yanaşdıqda görürük ki, bu mədəniyyətin formalaşmasında ərəblərin rolu yox, İslamın rolu həlledici olmuşdur.
Əvvəla, ərəb xalqlarının islamaqədərki dövrünü araşdırdıqda tamamilə başqa bir şeylə – barbarlıq, vəhşilik, mədəniyyətsizlik, əxlaqsızlıq elementləri ilə daha çox rastlaşırıq. Ərəb xalqlarının özlərinin mədəni yüksəlişi məhz İslamla bağlıdır. Digər tərəfdən, bu mədəniyyət Yaxın və Orta Şərq, Şimali Afrika, Cənub-Qərbi Avropanı əhatə edən böyük bir ərazidə təşəkkül tapmışdı. Bu isə, ərəblərlə yanaşı bu ərazidə yaşayan farsların, türklərin, hindlilərin, ispanların və s. qeyri-ərəb xalqlarının nümayəndələrinin hesabına mümkün olmuşdur. Siyasi hakimiyyətdə üstünlüyə gəldikdə isə qeyd etmək lazımdır ki, ərəb sülalələri bir müddət hakimiyyətdə olsalar da, sonralar öz yerlərini monqollara və türklərə verməyə məcbur olmuşlar. Xilafət parçalandıqdan sonra isə İspaniya, Siciliya, İran, Azərbaycan, Türkiyə, Orta Asiya və başqa ərazilərdə milli müstəqilliyə nail olmuş xalqlar siyasi hakimiyyəti də öz əllərinə almışlar. Ona görə də siyasi hakimiyyətdəki rollar baxımından da bu mədəniyyəti ərəb mədəniyyəti kimi səciyyələndirmək həqiqətə uyğun deyil.
Deməli, bu mədəniyyət ərəblərin deyil, həmin ərazidə yaşayan müxtəlif xalqların nümayəndələrinin xidmətləri sayəsində təşəkkül tapmışdır. Hər bir xalqın öz adət-ənənəsi, milli və mənəvi xüsusiyyətləri burada iz buraxmışdır. Çoxsaylı milli tərkibə malik olan bu xalqları ümumi bir məfhum birləşdirmişdir: – İSLAM! Bu barədə H.S. Həsənli yazır: "İslam tarixində elə dövrlər olmuşdur ki, dövlətin idarə olunmasında ərəblərin siyasi rolu zəifləmiş, hətta Abbasilər dövrünün axırlarında monqollar və türklər dövlətin idarə edilməsini öz əllərinə almışlar. İslamın gücü isə onda olmuşdur ki, hətta fateh monqollar belə İslamı qəbul etmişlər."
Bütün bu prosesləri araşdırdıqda belə nəticəyə gələ bilərik ki, bu mədəniyyətin inkişafında qeyri-ərəb xalqlarının rolu ərəblərin rolundan heç də az olmamışdır; hakim rol "ərəb" yox, "İslam" faktoruna məxsusdur. Məhz bu cəhətdən də, orta əsrlərdə Yaxın və Orta Şərq, Şimali Afrika, Cənub-Qərbi Avropanı əhatə edən böyük bir ərazidə təşəkkül tapmış bu mədəniyyəti yalnız və yalnız "İslam mədəniyyəti" adlandırmaq düzgün olar.
Orta əsr müsəlman mədəniyyəti özündə dünyəvi bilik və dərin elmi fikirləri əhatə edirdi.  Dövlət, siyasi, din və bir çox yerlərdə dil birliyi Xilafət tərkibinə daxil edilmiş xalqların mədəniyyətinin qarşılıqlı şəkildə inkişaf edərək ümumi formalarının meydana gəlməsinə şərait yaratdı. İslamı qəbul etmiş müxtəlif xalqlar (Orta Asiya, İran, Zaqafqaziya, Osmanlı türkləri) İslam mədəniyyətinin inkişafında mühüm rol oynadılar. Xilafət tərkibinə daxil edilmiş xalqların İslamdan əvvəlki mədəni irsinin öyrənilməsi, yeni ideoloji və sosial-siyasi şəraitdə (İslam və Xilafət) onların yenidən qiymətləndirilməsi, sonra isə yaradıcılıqla inkişaf etdirilməsi İslam mədəniyyətinin formalaşmasının ilkin mərhələsi oldu. Bu mərhələ hər bir xalqın adət və ənənələrinə, milli mədəniyyətinə hörmətlə yanaşılması nəticəsində uğurla başa çatdı. Elə buna görə də qeyri-ərəb millətlərinin yaşadığı ərazilərdə mədəniyyət və elm Xilafətin mərkəzi əyalətlərində olduğundan heç də geri qalmır, əksinə, bir çox sahələrdə onu ötüb keçirdi. Məsələn, hələ VII əsrdə Xilafətdən ayrılmış müsəlman İspaniyasında müstəqil ərəb-ispan mədəniyyəti inkişaf etməyə başladı. IX əsrin axırlarında Xilafətin şərq əyalətlərində İran mədəniyyəti formalaşdı. Fars dili əvvəlcə ədəbiyyat və poeziyada, sonra isə bəzi humanitar (tarix, coğrafiya və s.) elmlərdə ərəb dilini sıxışdırıb çıxartdı. Ərəb dili isə Qur’an dili, dini-hüquq və bir sıra təbiətşünaslıq, habelə fəlsəfi elmlərin dili kimi əhəmiyyətini saxladı.
İslam dinində elmə çox yüksək qiymət verilməsi onun yayıldığı ərazilərdə elmin inkişafına çox müsbət tə’sir göstərirdi. İslamiyyətin yayılmağa başladığı elə ilk dövrlərdə burada elm ocaqları fəaliyyətə başladı. VIII-IX əsrlərdə bir çox əsərlər, o cümlədən yunan, Suriya və hind elmi-bədii əsərləri ərəb dilinə tərcümə edilərək geniş yayıldı. Qeyd edək ki, müsəlman alimlərinin bu tərcümələri Avropa alimlərinin antik elmlə tanışlığı üçün əsasən yeganə mənbə olmuşdur.
VII əsrin sonundan VIII əsrin ortalarınadək Əməvilərin paytaxtı Dəməşq şəhəri ilə yanaşı Ərəbistanda Məkkə və Mədinə, İraqda Kufə və Bəsrə şəhərləri İslam mədəniyyətinin formalaşdığı əsas mərkəzlər olmuşdur. Dini və fəlsəfi ideyalar, elmin ilk nailiyyətləri, memarlıq nümunələri və s. Piriney yarımadasından Hind okeanına qədər nəhəng bir ərazini əhatə edən müsəlman dünyasında yayılır və inkişaf edirdi. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra (750) İslam mədəniyyətinin mərkəzi Suriyadan İraqa – müsəlman şərqi mədəniyyətinin görkəmli nümayəndələrinin cəmləşdiyi Bağdad şəhərinə keçdi. Xəlifə Mə’mun dövründə (813-833) Bağdadda “Beytül-Hikmət”in qurulması orta əsrlərin ən önəmli  hadisələrindəndir. Elə bu dövrdə antik dövr mədəniyyətinin qiymətli abidələrini toplayıb mühafizə edən və sonradan Qərbə yayan bir tərcümə mərkəzi ilə kitabxana və Elmlər Akademiyası da təsis edildi. 830-cu ildə daha bir elm ocağı – “Darül-Hikmət” fəaliyyət göstərməyə başladı. Təkcə Bağdadda çox qısa bir müddətdə bu qədər elm ocağının yaranması həmin dövrdə İslam dünyasında elm və mədəniyyətin nə qədər yüksək sürətlə inkişaf etməsini əyani şəkildə sübut edir. Müqayisə üçün qeyd edək ki, Qərb ölkələrində ilk belə elm ocağı XIII əsrin əvvəllərində Fransada təsis olunmuş Paris Universiteti hesab olunur. İngiltərədə Oksford və Kembric, İspaniyada Salamon və s. universitetlər də XIII-XIV əsrlərdə tə’sis edilmişlər.

© Fəttayev F.M., 2003-2009

Materiallardan istifadə edərkən sayta istinad etmək vacibdir.

 

F.M. Fəttayev. "İslam və elm". – Bakı: Mütərcim, 2003. – 112 s.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi