Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 
Məqalələr

Fəttah Fəttayev,
Bakı Slavyan Universitetinin Humanitar liseyinin riyaziyyat müəllimi, metodbirləşmə rəhbəri

İSLAM İNTİBAHI DÖVRÜNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Ərəblər Azərbaycanı fəth etdikdən az sonra ölkə əhalisinin böyük əksəriyyəti İslamı qəbul etdi. Dağlıq ərazilərdə isə İslam nisbətən ləng yayılırdı. Müxtəlif üsyanlar, xüsusilə Babəkin rəhbərliyi altında başlamış Xürrəmilər hərəkatı İslamın Azərbaycanda yayılmasına maneçilik törədirdi. Babək tam 20 il Xilafət qoşunları ilə vuruşmuş, Şəki hakimi Səhl ibn Sumbatın satqınlığı nəticəsində əsir düşmüşdü. Əsir alınandan sonra da öz e’tiqadından dönməmiş, xəlifə Mö’təsimin təkliflərini qəbul etməmiş və e’dam edilmişdi.
Bütün bunlara baxmayaraq, artıq IX əsrin II yarısında bə’zi ərazilər istisna olmaqla, Azərbaycan bütünlüklə İslamı qəbul etmişdi. İslamın yayılmasından sonra Azərbaycanda iqtisadi və mə’dəni inkişaf sür’ətlənməyə başladı. İslama söykənən müstəqil və yarımmüstəqil dövlətlər yarandı: Şirvan dövləti, Dərbənd əmirliyi, Sacilər dövləti və s. Xilafətin zəifləməyə başladığı dövrdə Azərbaycan Atabəylər dövləti yaranır və güclü inkişaf edir. Azərbaycan ərazisində daha sonralar Qaraqoyunlu, Ağqoyunlu dövlətləri yaranır. Ağqoyunlu hökmdarı Uzun Həsənin Qaraqoyunlu dövlətinin başçısı Cahanşah ilə döyüşünün nəticəsi olaraq Qaraqoyunlu dövlətinin mövcudluğuna son qoyulur. Uzun Həsənin və onun oğlu Sultan Yaqubun vəfatından sonra hakimiyyət çəkişmələri başlayır, dövlət parçalanmağa başlayır. Əslən Ərdəbil şeyxlərindən olan, Uzun Həsənin kürəkəni və bacısı oğlu Şeyx Heydər Azərbaycanı birləşdirmək məqsədilə müridləri ilə Şamaxıya hücum edir və bu döyüşdə qətlə yetirilir. Sonralar, Şeyx Heydərin oğlu, 13 yaşlı İsmayıl (1487-1524) atasının Azərbaycanı birləşdirmək istəyini həyata keçirməyi qərara alır və atasının tərəfdarlarının köməyi ilə Şamaxı üzərinə yürüşə çıxır. Şirvanşah Fərrux Yasara qalib gələn İsmayıl, sonra Bakını və digər xanlıqları da  ələ keçirir. 1501-ci ildə, 15 yaşında ikən Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin qoşununu məğlub edərək Təbrizə daxil olur və özünü şah e’lan edir. Beləliklə də, Şah İsmayıl Xətainin başçılığı altında Azərbaycan Səfəvilər dövləti (1501-1736) yaranır. Qısa bir müddət ərzində Azərbaycanın sərhədləri genişlənərək, İraqdan Krıma, Kiçik Asiyayadək böyük bir ərazini əhatə etdi. Səfəvilər dövləti indiki Azərbaycan, Ermənistan, Şərqi Gürcüstan, İran, Cənubi Türkmənistan, Əfqanıstan, bə’zi dövrlərdə İraqi-Ərəb və s. əraziləri əhatə edirdi. Manna, Midiya, Atropatena, Albaniya kimi qədim dövlətlərin ərazilərində yaşayan, əcdadlarının mə’dəni dəyərlərinin daşıyıcıları olan azərbaycanlılar əlverişli şərait olduqca bu dəyərlərdən istifadə edərək çox tez parlaya bildilər.
Azərbaycanın mə’dəni və iqtisadi inkişafı da əsasən Atabəylər dövləti və Səfəvilər dövlətinin mövcudluğu dövrünə təsadüf edir. Bu dövrlərdə Ərdəbil, Dərbənd, Təbriz, Gəncə, Şamaxı, Naxçıvan, Ərəş, Urmiya, Culfa, Bakı, Bərdə, Marağa və başqa şəhərlər həm sosial-iqtisadi, həm də mə’dəni cəhətdən yüksək inkişaf etmiş şəhərlər idilər. Zaqafqaziyanın bu regionunda yeni şəhərlərin meydana gəlməsinin və bir çox şəhərlərin inkişafının səbəbi əsasən bu idi ki, Şimali Qafqaz, Volqa və Don çayları hövzəsi ətrafında yaşayan xalqlarla ticarət əlaqələri sür’ətlə inkişaf etmişdi. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşdiyindən, Şərq ölkələri və Avropa dövlətləri arasında tranzitə çevrilmişdi. Bu region ərəblərin bütün ticarət yollarının kəsişdiyi yer, Şimal ilə ticarət tranzitinin mərkəzi idi. Bu dövrdə Azərbaycan həm də öz zəngin bazarları və yerli sənətkarların çeşidli məhsulları ilə ticarət əməliyyatlarında iştirak edərək, ticarət aləmində xüsusi çəkiyə malik olmuşdur. Adlarını çəkdiyimiz şəhərlərdə məscid və mədrəsələr, kitabxanalar, me’marlıq və incəsənət abidələri inşa olunmuşdu, təbiət elmləri, astronomiya, fəlsəfə və poeziya sahəsində bir sıra nailiyyətlər əldə olunmuşdu. Bu zamanlar dünya mədəniyyətinə görkəmli dühalar bəxş etmiş Azərbaycan poetik məktəbi yaranmış və çiçəklənmmişdi. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Xaqani və Fələki Şirvanilər, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Nizaməddin Əbül-Üla Gəncəvi, Saib Təbrizi, Qətran Təbrizi, Mahmud Şəbüstəri, Musa Şəhəvat, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Həsənoğlu, Şah İsmayıl Xətai və s. onlarla dahi məhz bu poetik məktəbin nümayəndələridir. Onlar Yaxın və Orta Şərqin bir çox şairlərinin ustadı olmuşlar.
Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi heç şübhəsiz ki, Nizami Gəncəvidir. Onun “Xəmsə”si bütün dünyada məşhur olmuş, neçə-neçə şairin yaradıcılığının ilham qaynağına çevrilmişdir. Heç də təsadüfi deyildir ki, Nizamidən sonra digər xalqların nümayəndələri tərəfindən bütövlükdə “Xəmsə” və ona daxil olan poemaların ayrı-ayrılıqda hər biri ilə eyni mövzuda çoxlu əsərlər yazılmış, lakin heç biri Nizaminin e’cazkar “Xəmsə”sinə çata bilməmişdir. Daha sonralar Məhəmməd Füzuli “Leyli və Məcnun”u yazmaqla, Nizaminin fəth etdiyi zirvəni bir daha fəth etdi və sübut etdi ki, Azərbaycan poeziyasının ucaldığı zirvələr başqaları üçün əlçatmazdır. Füzulinin və Nəsiminin qəzəlləri, Ş.İ.Xətainin lirik əsərləri, xüsusilə də “Dəhnamə”si indiyədək dünya poeziyasının zirvələrində qərar tutan nadir incilərdir.
Orta əsr Azərbaycan filosofları və mütəfəkkirlərinin də İslam mədəniyyətinin, Şərq bədii-estetik və elmi-fəlsəfi fikrinin zənginləşməsində müstəsna rolu olmuşdur. VII-X əsrlərdə yaşamış filosoflardan İsmayıl Yasər oğlu, Musa Şəhəvat, Əbülhəsən Əhməd Ömər oğlu Bərdəi, Əbubəkr Məkki Əhməd oğlu Bərdəi, Əbülhəsən Əli Harun oğlu Zəncani və digərlərinin elmi fəaliyyətləri haqqında mə’lumatlar günümüzə qədər gəlib çatmışdır. Əbülhəsən Bəhmənyar, Şihabəddin Maraği, Əbu Səid Urməvi, Əbu Səid Təbrizi, Eynəlqüzzat Abdulla Miyanəci, Şihabəddin Yəhya Sührəvərdi, Şihabəddin Ömər Sührəvərdi, Kəmaləddin Ərdəbili, Bürhanəddin Bakuvi, Şəmsəddin Xosrovşahi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Şərafəddin Ərdəbili, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri, İzzəddin Yusif Beyləqani, Tacəddin Məhəmməd Urməvi, Zəki Beyləqani, Yusif Qarabaği, Seyyid Yəhya Şirvani Bakuvi, Kəmaləddin Məs’ud Şirvani, Mühyəddin Bərdəi, Nəsrullah Xalxali, Məhəmməd Naxçıvani, Abdulla Naxçıvani, Sinanəddin Gəncəvi, Rəcəbəli Təbrizi, Şəmsəddin Xoylu və bu siyahıda adları əks olunmamış bir çox Azərbaycan filosofları isə XI-XVII əsrlərdə yaşayıb yaratmışlar.
XI-XII əsrlər Azərbaycanın fəlsəfi fikri tarixinin ən uğurlu dövrü hesab olunur. Bu dövrdəki elmi və mə’nəvi yüksəliş  ilk növbədə Əbülhəsən Bəhmənyarın və Nəsirəddin Tusinin adı ilə bağlıdır. Onların fəlsəfi tə’limləri dünya fəlsəfi fikir tarixində mühüm yer tutur. Bəhmənyar, İbn Sinanın şagirdi və davamçısı olmuşdur. Rəvayət edirlər ki, İbn Sina dəmirçi dükanında olarkən bir uşaq gəlib, dəmirçidən od istəyir. Usta deyir ki, get, evdən qab gətir, odu (közü) qaba qoyum, apar. Uşaq tez əyilib ovcunu torpaqla doldurur və deyir: “Odu bu qaba qoy.” İbn Sina uşağın dərrakəsinə heyran qalır və valideynlərindən razılıq alıb onu özünə şagird götürür. Həmin uşaq indi bütün dünyada məşhur olan həmin Bəhmənyar idi. Bəhmənyar Aristotel və İbn Sina mövqeyindən çıxış edərək varlığı vacib və mümkün olan varlıq kimi 2 qismə bölür. Onun əsərlərində materiya, forma, cisim, məkan, zaman, hərəkət və bu kimi fəlsəfi kateqoriyalar araşdırılmışdır. Onun fəlsəfəsində əqli idrak məsələsi də ətraflı şərh olunmuşdur. Ən məşhur kitabı üç hissədən – məntiq, metafizika və mövcudata dair məsələlərdən bəhs edən “ət-Təhsil” əsəridir. Onun fikirləri digər filosofların da yetişməsində mühüm rol oynamışdır.
Müəllim-şagird ardıcıllığını izlədikdə məlum olur ki, Nəsirəddin Tusi də Bəhmənyarın şagirdlərindən dərs alıb. Azərbaycan intibahı dövrünün ən böyük ensiklopedik alimi olmuş Tusi fizika, kimya, riyaziyyat, astronomiya və s. elmlər sahəsində bir çox dəyərli kəşflərin müəllifidir. Onun 150-dən artıq əsərinin olduğu mə’lumdur. “Əxlaqi-Nasiri”, “Əsas əl-iqtibas”, ”Mövcudatın bölgüsü və onun qismləri”, “Əxlaqi-Möhtəşəm” kimi əsərləri xüsusilə əhəmiyyətli hesab olunur. O, Evklidin “Əsaslar” kitabını oxuyur və “Evklidin şərhi” əsərində onun səhvlərini üzə çıxarır. Tusinin şərhlərindən sonra Evklid həndəsəsindəki səhvlər mə’lum olur, Lobaçevski və Rieman bu şərhlərə əsaslanaraq həndəsə elmini yeni forma və məzmunda sistemə salırlar. Onun verdiyi ədəd anlayışı müasir təsəvvürlərə uyğundur və bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. N.Tusinin ən böyük uğuru, ona dünya şöhrəti qazandıran Marağa rəsədxanasının fəaliyyəti ilə bağlıdır. Onun tə’kidi ilə Hülakü xan rəsədxananı inşa etməyə razılıq verir. Rəsədxanada 100-dən artıq astronom işləmiş və Tusidən dərs almışlar. Sonralar Tusinin şagirdləri müxtəlif ölkələrdə rəsədxanaların qurulmasında iştirak etmiş, Marağadan gətirdikləri alətlərdən istifadə etmişlər. Məsələn Tusinin şagirdi buxaralı Cəlaləddinin rəhbərliyi altında Pekində rəsədxananın tikilməsi buna misal ola bilər. Marağa rəsədxanasında üzərində iqlim qurşaqlarının təsviri verilmiş Yer kürəsinin içiboş modeli də var imiş. Lakin təəssüflər olsun ki, elm aləmində coğrafi qlobusun ilk dəfə alman alimi Martin Böhaym (1459-1507) tərəfindən yaradıldığı hesab edilir. Halbuki, N.Tusinin yaratdığı qlobus bundan 2-3 əsr əvvəlki dövrə aiddir.
Səfəvilər dövlətinin yaranması ilə Azərbaycanda məhsuldar qüvvələrin inkişafı üçün əlverişli şərait yarandı. Kənd təsərrüfatı, sənətkarlıq və ticarət canlandı. Azərbaycan Şərq və Qərb ölkələri ilə geniş iqtisadi, siyasi və mə’dəni əlaqələrə girdi. Dünyada şöhrət qazanmış yerli ipək ixracı hesabına Azərbaycan külli miqdarda gəlir əldə edirdi. Tarixi mənbələrdə Orta əsr Azərbaycanının mə’dəni və elmi həyatına aid çoxlu maraqlı mə’lumatlar var. Z.Bünyadov “Azərbaycan Atabəylər dövləti” kitabında göstərir ki, bir çox alimlər Bağdad, Dəməşq, Qahirə və s. şəhərlərdəki universitetlərdə dərs demək üçün də’vət olunmuşlar. Məsələn, Fəxrəddin ət-Təbrizi – Bağdad (“Nizamiyyə”), Əbül Fəzl əl-Ərdəbili – Bağdad (“Nizamiyyə” və “Kəmaliyyə”), Əbdül Xalıq Arrani – Mosul və Xilatda (qanunşünaslıq üzrə), Zəki əl-Beyləqani – Dəməşqdə (hüquqşünaslıqdan), Əminəddin Təbrizi – Bağdad (“Nizamiyyə”), Qahirə (“Nasiriyyə”, “Salihiyyə”), Tacəddin Urməvi – Bağdad (“Nizamiyyə”), Ümdətəddin Təbrizi – Bağdad, Əbu Həfs Ömər əl-Cənzi – Bağdad (“Nizamiyyə”, ədəbiyyatşünaslıqdan) və Həmədan, Əbül Fəzl əl-Canzəvi – Dəməşq (məhkəmə hakimi olmuşdur), Qəvaməddin Şirvani – Bağdad (“Nizamiyyə”) universitetlərində dərs demişlər.
Elm sahəsində ən uğurlu addım kimi XIII əsrdə Marağadakı “Elm evi”, rəsədxana və rəsədxananın nəzdindəki kitabxananın tə’sis edilməsi, XIV əsrdə Təbrizdə “Şəfa evi” (“Dar əş-şifa”) adlanan müalicəxana, mədrəsə, rəsədxana kompleksinin tikilməsi kimi hadisələri göstərə bilərik. Tarixi mənbələrdə göstərilir ki, N.Tusi Marağadakı kitabxanada 400 min cilddən artıq kitab toplamışdı. Kitabxana və avadanlığın qiyməti 20 min dinar idi. “Təbrizin Rəşidiyyə Universitetində 450 nəfər müəllim – alim dərs deyirdi. Bura hər il Şərq ölkələrindən 7 min tələbə dərs almağa gəlirdi”.
Şah İsmayıl Xətai tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanasını əsl “incəsənət akademiyası” adlandırmaq olar. Çünki, burada ən mahir xəttatlar, zərgərlər, naxışçı və cildçilər çalışırdılar. Onlar əsasən nadir əlyazmaların və digər qiymətli əsərlərin surətlərini çıxarır, onları məharətlə bəzəyərək, kitabxananı daha da gözəlləşdirirdilər. Əsası Şah İsmayıl Xətainin babası Şeyx Səfi (1252-1334) tərəfindən qoyulmuş Ərdəbil kitabxanası da zənginliyinə görə çox böyük şöhrət qazanmışdı. Onun sorağı Ərdəbildən min kilometrlərlə uzaqlara – çar Rusiyasına da çatmışdı. XIX əsrdə çar hakimiyyət orqanları nəyin bahasına olursa-olsun, kitabxanadakı nadir əlyazmaları ələ keçirməyi qarşılarına məqsəd qoyurlar. Bu məqsədlə Qarabağda saxlanılan rus qoşunlarının da köməyindən istifadə edirlər. 1828-ci ildə qoşunlar Ərdəbilə daxil olur. Əhalinin qəzəbindən qorxan rus generalları kitabları zorla aparmaq fikrindən daşınaraq, hiylə işlətməyi qərara alırlar. Rus imperatorunun adından Şeyx Səfi məqbərəsinə hədiyyələr və bəxşişlər verərək, imperatorun müsəlmanların qayğısına qaldığını xüsusilə vurğulayırlar. Rus hökuməti adından müsəlman xalqlarının təhsili və mə’nəvi tərbiyəsi üçün bu kitablara çox böyük ehtiyacları olduğunu deyərək, kitabların üzünün göçürülməsi üçün müvəqqəti olaraq Peterburqa göndərilməsini din xadimlərindən xahiş edirlər. Din xadimləri uzun sürən məşvərətdən sonra buna razılıq verirlər. Kitabları 1828-ci ilin fevralında rus qoşunlarının iki piyada rotasının mühafizəsi altında əvvəlcə Tiflisə, oradan da Peterburqa göndərirlər. Həmin kitablar bir daha geri qayıtmır. Onların bir qismi yoxa çıxır, qalanları isə hal-hazırda Peterburq, Moskva, Berlin, Vatikan kitabxana və muzeylərində saxlanılır.
Geniş şöhrət qazanmış Təbriz rəssamlıq məktəbi, əsərləri dünya incəsənət inciləri sırasına daxil olmuş Soltan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar yetişdirmişdi. Əsasən Şərq poeziyasının motivlərindən bəhrələnən Azərbaycan miniatürləri Yaxın və Orta Şərq xalqlarının çoxəsrlik tarixində maraqlı səhifələrdən olub, dünya incəsənət xəzinəsinin nadir nümunələrindəndir.  Dünyanın ən məşhur xalçası – “Şeyx Səfi” xalısı da həmin dövrlərdə toxunmuşdur. Bu xalı indi İngiltərədə Viktoriya və Alberto muzeyində saxlanılır və dünyada misli görünməmiş sənətkarlıq incisi hesab edilir. Əlli kvadratmetr sahəsi olan, ipəkdən toxunmuş bu xalıya 32 milyon ilmə vurulmuşdur.
Səfəvilər dövrünün daha bir xarakterik cəhəti türk dilinin hakim rolu ilə bağlıdır. Həmin dövrdə dövlət dili Azərbaycan (türk) dili olmuş, şairlər əvvəllərdə olduğu kimi ərəb, fars dillərində yox, öz ana dillərində – Azərbaycan (türk) dilində yazıb yaratmışlar. İmaməddin Zəkiyev “Əsrlərin əks-sədası” kitabında Orta əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin nə qədər güclü inkişaf etməsini göstərən faktla çıxış edir: “Türkiyənin ibn Bəttutəsi”, on cildlik “Səyahətnamə”nin müəllifi Övliya Çələbinin (1611-1682) yazdığına görə, Azərbaycanda olan naxışçılar, rəssamlar, xəttatlər və sair ə’la sənətkarlar...  heç bir ölkədə yoxdur. Hər hansı sahədə olursa-olsun, ən mahir sənətkarlar buradadır.” Onun qeydlərində “Şamaxı 8 mədrəsəsi, 40-a qədər məktəbi” olan, “çoxlu alim və müdrik adamlar” şəhəri kimi təqdim edilir. Təbrizi “47-yə qədər mədrəsəsi (universiteti və ya akademiyası), “uşaqlar üçün 600-ə qədər məktəbi”, “12 minə qədər qan almağı bacaran can həkimi, cərrahı, göz həkimi”, “78 nəfər yazıçı və şairi”, “170-ə qədər Aristotel zəkalı alimi” olan bir şəhər kimi işıqlandıran məşhur türk səyyahının əsəri göstərir ki, XVII əsrə qədərki dövrdə Azərbaycanda təhsilə, kitaba, mütaliəyə, maariflənməyə maraq çox güclü olmuşdur”.
Beləliklə, İslam mədəniyyətinin intibah dövrü sayılan orta əsrlərdə Azərbaycanın və azərbaycanlıların (türklərin) da çox böyük nailiyyətlər qazandığı və İslam mədəniyyətinin formalaşmasında xüsusi çəkiyə malik olmaları aydın görünür. Bu nəticəyə yuxarıda adlarını sadaladığımız alim, filosof və şairlərin ad siyahısına və gördükləri işlərə nəzər saldıqda da gəlmək olar. Necə ki, Hacı Sabir Həsənlinin dediyi kimi: “Poeziyada Nizami, elmdə Nəsirəddin Tusi səviyyəsinə yüksəlmək, yalnız mədəniyyətcə yüksək inkişaf etmiş bir mühitdə mümkün ola bilərdi.”

© Fəttayev F.M., 2003-2009

Materiallardan istifadə edərkən sayta istinad etmək vacibdir.

 

 

F.M. Fəttayev. "İslam və elm". – Bakı: Mütərcim, 2003. – 112 s.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi